Rusiyanın enerji sahəsindəki hücumlarının effektivliyi azalacaq - Səbəb açıqlandı
Rusiyanın Ukraynaya qarşı enerji infrastrukturu üzərindən həyata keçirdiyi təzyiq məhdud zaman çərçivəsinə malikdir.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yevgeni Diki bildirib.
Onun sözlərinə görə, Moskva enerji obyektlərinə hücumlarla Ukrayna cəmiyyətini psixoloji və sosial baxımdan sındırmağa, ölkə rəhbərliyini güzəştlərə məcbur etməyə çalışır. Lakin bu taktikanın təsirli dövrü təxminən bir ay ilə məhdudlaşır.
Diki qeyd edib ki, hava şəraitinin dəyişməsi və temperaturun yüksəlməsi fonunda elektrik və istiliklə bağlı problemlərin əhali üzərindəki təzyiqi azalacaq. Bu isə Rusiyanın enerji sahəsindəki hücumlarının effektivliyini xeyli zəiflədəcək.
Ekspertin fikrincə, Rusiya cəbhədə istədiyi nəticəni əldə edə bilmədiyi üçün enerji infrastrukturunu hədəf almaqla Ukraynaya təsir göstərməyə çalışır. O vurğulayıb ki, bu “enerji terroru” hərbi uğursuzluqların kompensasiyası kimi istifadə olunur.
Qeyd edək ki, son aylarda Rusiya Ukraynanın elektrik və istilik sistemlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları intensivləşdirib. Bu hücumlar nəticəsində bir sıra regionlarda enerji təchizatında fasilələr yaranıb.
Ukrayna tərəfi və beynəlxalq tərəfdaşlar bu hücumları mülki əhaliyə qarşı yönəlmiş enerji terroru kimi qiymətləndirir və enerji sisteminin qorunması üçün əlavə dəstəyin vacibliyini bildirirlər.
14:10 09.02.2026
Oxunuş sayı: 546