Bunları etsək ömrümüz uzanar
Hazırda insan sağlamlığını qoruyan əsas şərtlərdən biri də hərəkətdir.İş zamanı sağlam qalmaq mümkündür və bunun üçün oturmaq məcburiyyəti yoxdur. Uzun müddət masa arxasında oturmaq həm yorucu, həm də sağlamlığa ciddi zərər verə bilər. Buna görə bədənimizi hərəkətdə saxlamaq çox önəmlidir. Sadə bir üsul var: danışarkən gəzmək. İclas zamanı oturmaq əvəzinə addımlamaq yalnız fiziki hərəkət demək deyil, həm də fikri açır, düşüncəni canlandırır. İnsan gəzərkən daha rahat nəfəs alır, qan dövranı yaxşılaşır və beyin daha aktiv işləyir. İlk başlarda qəribə görünə bilər, amma çox tezliklə bunun faydalı olduğunu görmək mümkündür.
Hərəkət etmək yalnız bədən üçün deyil, ruh halı üçün də faydalıdır. Gəzərkən danışmaq stressi azaldır, insanı daha yaxşı hiss etdirir və yaradıcılığı artırır. Yeni ideyalar, fərqli həll yolları gəzərkən daha asan ortaya çıxır. Bu üsul həm fərdi işçilər üçün, həm də komandalar üçün çox yararlıdır, çünki həm işləməyə davam edirsən, həm də sağlam qalmaq üçün lazım olan hərəkəti etmiş olursan.
Sadəcə bir az addım atmaq kifayətdir ki, oturmaqdan yaranan zərərlər azalsın, əzələlər işləsin və bədən aktiv qalsın. İşimizi dayandırmağa ehtiyac yoxdur; danışmaq, fikir mübadiləsi aparmaq və hərəkət etmək eyni anda mümkündür. Hərəkətdə olmaq, fiziki və zehni sağlamlığı qorumaq, məhsuldarlığı artırmaq üçün ən sadə və əlçatan yoldur.
Mövzu barədə Crossmedia.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev hərəkətin insan həyatının vacib hissəsini təşkil etdiyini deyib:

"İnsan ilk növbədə beynində müsbət düşünməli, müsbət emosiyalarla yaşamağı bacarmalı və təmkinli yaşamağı öyrənməlidir. Digər tərəfdən isə insan təmiz qidaya, suya, havaya və torpağa düzgün yanaşmağı, doğru istifadə etməyi bacarmalıdır. Həqiqi və dəqiq fikir budur ki, insan qida məhsulu alarkən diqqətli olmalı, gözü yeməyin arxasında qalmamalıdır. Bütün bunların fonunda mütləq hərəkət lazımdır. İnsan oturduqca hərəkət olmur, hərəkət yoxdursa enerji yoxdur, enerji yoxdursa düzgün həyat da yoxdur. Hətta bir sözə fikir verək: “hərəkət” sözünü bölək – “hər”, “ək”, “ət”. Yəni hər kəs əksin, işləsin ki, canı sağlam olsun. Bütün hüceyrələr hərəkət istəyir. Oturanda diqqət etsək görərik ki, damarlar sıxılır. Damarlar sıxılanda ürək gücə düşür, beyinlə aşağı ətrafların qidalanması pozulur. Adi oturmaq belə buna səbəb olur. Ona görə də mütləq hərəkət lazımdır. Əgər çox oturursansa, ayaqlarını qaldır, pəncəni dik saxla ki, damarlar açılsın, əzələlər dartılsın.Bu hərəkətdə diqqət etsək görərik ki, yorğunluq da çıxır. Niyə? Çünki beyinlə bütün bədən arasındakı əlaqə bərpa olunur, qidalanma yaxşılaşır, qan dövranı və oksigen axını normallaşır. Yəni hərəkət vacibdir. Hərəkət həm də müsbət emosiyalar yaradır. İnsan düşünür ki, “mən bu işi gördüm, bu işi görə bilərəm". Ona görə də hərəkət hər zaman lazımdır – istər evdə, istərsə də çöldə".
Həkim qeyd edib ki, insan bədəni başdan ayağa oynaqlardan ibarətdir:
" Ayaqdan təpəyə qədər hər yerdə oynaq var və oynaqlara hərəkət lazımdır. Oynaqların içərisində birbaşa sinir və damar olmur, onların qidalanması və fəaliyyəti məhz hərəkət zamanı təmin olunur. Mən namaza da bu prizmadan yanaşıram, öz peşə baxışımdan yanaşıram. Namaz gün ərzində beş dəfə bütün oynaqlara hərəkət verir. Yəni baş verən oynaqların hərəkəti üçündür. Hətta “namaz” sözünü də öz dilimizdə xırdalayanda “nam az” kimi izah etmək olar – yəni az qidalan, çox hərəkət et. Hər bir hərəkət insan bədəninin sağlamlığına xidmət edir. Oturmaq nə fiziki, nə də sağlamlıq baxımından düzgün deyil. Bir fikir də var: beyin oturması olar. Yəni işləri sabaha saxlayanda, ləngidəndə, düşüncəni də oturduruq. Bu isə insanı geri salır, ləngidir.
Fiziki oturmaqla yanaşı, mənəvi oturma da insanı geriyə aparır".
Fatimə Məmmədova
10:26 08.02.2026
Oxunuş sayı: 579