Vaxtında tədbir görülməzsə, əməliyyat qaçılmazdır – XƏBƏRDARLIQ
Bəzən oynaqda ağrı, sərtlik və hərəkət çətinliyi müşahidə oluna bilər. Bu, çox vaxt oynaq mayesinin (sinovial maye) kifayət qədər olmaması ilə bağlıdır. Oynaq mayesi sinovial membran tərəfindən istehsal olunan qalın, ipək kimi təbii sürtküdür. O, sümüklər arasında sürtünməni minimuma endirir, qığırdağı qoruyur, qidalandırır və hərəkəti rahatlaşdırır. Onun çatışmazlığı qığırdağın qurumasına, aşınmasına və ağrılı hərəkətə (osteoartrit) səbəb ola bilər.
Oynaq mayesinin əsas funksiyaları bunlardır: hərəkət zamanı qığırdağı nazik qoruyucu təbəqə ilə örtərək sümüklərin bir-birinə sürtünməsinin qarşısını almaq, qan təchizatı olmayan qığırdaq toxumasını lazımi qida maddələri ilə təmin etmək, hər addımda maye qığırdaq boşluqlarına nüfuz edərək təzyiqi bərabər paylamaq və yumşaldıcı təsir göstərmək. Onun tərkibində əsasən hialuron turşusu, su və plazma zülalları var.
Oynaq mayesinin sağlamlığını qorumaq üçün bəzi ipuçları var: fiziki aktivlik, idman və gəzinti mayenin oynaqlara yaxşı yayılmasına kömək edir; düzgün qidalanmaq lazımdır, xüsusilə kollagen, omeqa-3 və C vitamini ilə zəngin qidalar; bədənin kifayət qədər su ilə təmin olunması maye istehsalı üçün vacibdir; artıq çəki isə dizlərdəki qığırdaqların daha tez aşınmasına səbəb olur.
Unutmaq olmaz ki, oynaq mayesinin azalması hərəkətin sərtləşməsinə və ağrılı olmasına gətirib çıxarır. Əgər vaxtında müdaxilə edilməzsə, bu, ciddi oynaq xəstəliklərinə səbəb ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirib ki, yaşlaşdıqca insanlarda oynaq ağrıları, xüsusən diz və bud-çanaq oynaqlarında yaranmağa başlayır:

"Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri artıq çəki yığılmasıdır. Artıq çəki bədənin daşıması lazım olan yükü artırır. Əgər bədən kütləsi 30-dan yuxarıdırsa, bu yükün hamısı oynaqlara düşür.
Oynaqlar həmişə yüksək yük altında olduğuna görə qığırdaqda və sümüklərdə yeyilmələr, deformasiyalar baş verə bilər ki, bu da oynaq ağrılarına səbəb olur. İkinci səbəb isə yaşdır. Yaşlandıqca maddələr mübadiləsi zəifləyir və oynaqlarda qığırdaqlarda yeyilmə və deformasiyalar yaranır ki, bu da ağrıları artırır.
Oynaq ağrılarının müxtəlif dərəcələri var, hətta 50-li yaşlarda da ola bilər. Oynaqların içində sinovial maye adlanan maye var ki, oynağın hərəkətini asanlaşdırır. Yaşlanma və artıq çəki səbəbindən bu maye azalır".
Həkim qeyd edib ki, bunun qarşısını almaq üçün birincisi, piylənməni qida rejiminə əməl etməklə azaltmaq lazımdır:
"Düzgün qidalanmaq, yağlı məhsullardan az istifadə etmək, kifayət qədər maye içmək oynaq daxilindəki maye səviyyəsinin normal olmasına kömək edir.
Hərəkət, fiziki idman, velosiped sürmək faydalıdır. Eyni zamanda vaxtında həkimə müraciət edib, diaqnoz qoyulması və müalicəyə başlanması vacibdir. Müalicə təkcə idman və təbii vasitələrlə deyil, dərman və fizioterapiya ilə də aparılmalıdır.
Çünki artroz 3-4-cü mərhələyə keçdikdə artıq oynaq dəyişdirilməsi lazım ola bilər. Tam hərəkətsiz qalmaq və əməliyyatdan qaçmaq üçün vaxtında tədbir görmək vacibdir".
Fatimə Məmmədova
10:30 07.02.2026
Oxunuş sayı: 582