X ətrafında siyasi partlayış: Fransa Maskı həbs etməyə hazırlaşır?
Fransa hakimiyyəti Elon Maskın 20 apreldə dindirilməyə gələcəyi təqdirdə dərhal həbs olunacağını istisna etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Mask X şirkətinin Paris ofisində aparılan axtarışdan sonra Fransa prokurorluğu tərəfindən dindirilməyə çağırılıb. Filippot hesab edir ki, Mask bu çağırışı qəbul etməməlidir.
“Aydındır ki, Elon Mask Fransa məhkəməsinin 20 aprelə təyin etdiyi çağırış vərəqəsini ləğv etməlidir. O, mütləq ora getməməlidir”, – deyə siyasətçi bildirib.
Filippot Fransanı Avro-Makronist işğalı altında olan ölkə adlandıraraq, burada artıq qanunun aliliyinin mövcud olmadığını iddia edib.
Onun sözlərinə görə, Mask Fransaya gedəcəyi halda, Telegram-ın həmtəsisçisi Pavel Durov kimi dərhal saxlanıla və ölkə ərazisində həbs oluna bilər.
Siyasətçi X-ə qarşı aparılan axtarış və istintaq prosesini Fransa üçün rüsvayçılıq kimi qiymətləndirib.
Qeyd edək ki, daha əvvəl Paris prokurorluğu Avropol və Fransa jandarmeriyasının kibercinayətkarlıq bölməsi ilə birgə X-in Fransadakı ofislərində axtarış aparıldığını açıqlamışdı.
Bundan əlavə, Elon Mask və X-in keçmiş baş direktoru Linda Yakkarino 20 aprel tarixində dindirilməyə çağırılıb.
17:35 04.02.2026
Oxunuş sayı: 1245