Rusiyanın “Luch-1” və “Luch-2” peykləri Avropanın peyk rabitəsinin elektron kəşfiyyatı və ələ keçirilməsi məqsədləri üçün istifadə oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Qərb hərbi və kəşfiyyat agentliklərinə istinadən yazıb.
Məlumata görə, sözügedən peyklər bir neçə ildir geostasionar orbitdə şübhəli manevrlər həyata keçirir və Avropa, Böyük Britaniya, eləcə də Afrika və Yaxın Şərq regionlarına xidmət göstərən əsas Avropa peyklərinə təhlükəli dərəcədə yaxınlaşır.
Kəşfiyyat məlumatlarında bildirilir ki, 2023-cü ildə orbitə buraxıldıqdan sonra “Luch-2” Avropa peyklərinə ən azı 17 dəfə yaxınlaşıb və bəzi hallarda həftələrlə onların yaxınlığında qala bilib. Analitiklər hesab edirlər ki, bu cür yaxınlaşmaların məqsədi Yer ilə peyklər arasında – xüsusilə də qorunmayan idarəetmə kanalları üzərindən – siqnal axınına müdaxilə etməkdir.
Ekspertlərin fikrincə, nəzəri baxımdan bu manevrlər məlumatların tutulmasına, yanlış əmrlərin göndərilməsinə, peyklərin orbitinin dəyişdirilməsinə, fəaliyyətinin dayandırılmasına, eləcə də siqnalların tıxanması və kiberhücumlar üçün məlumat toplanmasına imkan yarada bilər. Qərb rəsmiləri bu fəaliyyəti kosmosda “hibrid müharibə”nin elementləri kimi qiymətləndirirlər.