Qətər İrandan narazıdır: Tehran danışıqları dalana dirəyir
Qətər İranın ABŞ ilə aparılan danışıqlardakı mövqeyindən narazılıq ifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Tehranın danışıqlar prosesini uzatmağa yönəlmiş taktikası və İranın ali rəhbəri Əli Xameneyinin səhhəti ilə bağlı yayılan məlumatlar region ölkələrində ciddi narahatlıq doğurur. Bildirilir ki, bu amillər ABŞ–İran danışıqlarını faktiki olaraq dalana dirəyir.
Mənbələrin sözlərinə görə, İran Vaşinqtonla danışıqlarda yalnız uranın zənginləşdirilməsi məsələsinə fokuslanan məhdud formatda israr edir. Tehran regional siyasət, eləcə də raket proqramının müzakirəsini qəti şəkildə qəbul etmir.
Bu fonda Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari çərşənbə axşamı açıqlama verərək bildirib ki, mövcud böhranı tək bir mövzu ilə məhdudlaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, bütün mübahisəli məsələlərin gündəmə gətiriləcəyi hərtərəfli danışıqlar prosesinə qayıdış zəruridir.
Mənbələr qeyd edir ki, Xameneyinin hazırkı taktiki yanaşması regionda gərginliyi daha da artırır və hərbi ssenarinin yaxınlaşması ehtimalını gücləndirir. Bu isə Körfəz ölkələrində narahatlığı daha da dərinləşdirir.
13:46 04.02.2026
Oxunuş sayı: 614