Moskva səfəri ərəfəsində Simonyan Rusiyaya qarşı ritorikanı yumşaltdı
Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya səfəri ərəfəsində Rusiya ilə bağlı əvvəl səsləndirdiyi sərt bəyanatların tonunu yumşaldıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Nəşrin məlumatına görə, Simonyan son müsahibəsində jurnalisti “hibrid müharibə” ifadəsindən istifadə etməməyə çağırıb və “müharibə” anlayışının bu kontekstdə yersiz olduğunu bildirib.
Qeyd edək ki, Ermənistan Milli Assambleyasının mətbuat xidmətinin yaydığı məlumata əsasən, Alen Simonyan fevralın 4-dən 7-dək Moskvaya səfər edəcək. Səfər çərçivəsində onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri planlaşdırılır.
Xatırladaq ki, Simonyan 2025-ci ilin mayında Rusiyanı Ermənistana qarşı “hibrid müharibə” aparmaqda ittiham etmiş, vəziyyətin sabitliyini pozmaq cəhdlərinin 2026-cı il seçkilərinə qədər daha da intensivləşəcəyini iddia etmişdi.
Öz növbəsində, Sergey Lavrov fevralın 2-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrəvan “hibrid müharibə” arqumentindən Qərbdən maliyyə əldə etmək və Rusiyaya qarşı əks-təbliğat aparmaq məqsədilə istifadə edə bilər.
13:22 04.02.2026
Oxunuş sayı: 717