Ağ Ev ABŞ aviadaşıyıcı gəmisi yaxınlığında İran pilotsuz uçuş aparatının vurulduğunu rəsmi şəkildə təsdiqləyib.
Crossmedia.az bu barədə "The Independent" nəşrinə istinadən xəbər verir.
Ağ Evin mətbuat katibi Karolin Levitt bu gün bildirib ki, ABŞ-nin Mərkəzi Komandanlığı Ərəb dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İran dronunun məhv edildiyini təsdiqləyib.
Onun sözlərinə görə, Amerika Hərbi Hava Qüvvələrinə aid F-35 qırıcı təyyarəsi aviadaşıyıcı gəmiyə qarşı “aqressiv davranış” nümayiş etdirən İran istehsalı “Şahid” tipli pilotsuz uçuş aparatını vurub. Levitt vurğulayıb ki, bu addım bölgədə yerləşən ABŞ qüvvələri və hərbi texnikanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb və “tamamilə haqlı və zəruri” olub.
Ağ Evin sözçüsü əlavə edib ki, USS Abraham Lincoln ABŞ prezidentinin birbaşa göstərişi ilə regiona yerləşdirilib.
Sonda Karolin Levitt qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hərbi variantlar da daxil olmaqla bütün mümkün seçimlərin masada olduğunu açıq şəkildə bəyan edib və Tehran bu mövqedən xəbərdardır.