Ər-Riyad diplomatiyanı seçir
Səudiyyə Ərəbistanı ABŞ və İran arasında artan gərginlik fonunda mövqeyini açıqlayaraq hərbi eskalasiyaya qarşı olduğunu bəyan edib. “Əş-Şərq Əl-Əvsət” qəzetinə danışan səudiyyəli rəsmi bildirib ki, Ər-Riyad bölgədə yeni hərbi qarşıdurmanın yaranmasını istəmir və tərəflər arasında fikir ayrılıqlarının yalnız diplomatik yollarla həllini dəstəkləyir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsminin sözlərinə görə, krallıq İrana qarşı mümkün hərbi əməliyyatlarda öz hava məkanından istifadəyə də qəti şəkildə qarşıdır. Bu mövqe Səudiyyə Ərəbistanının regional sabitliyin qorunmasına üstünlük verdiyini və münaqişələrin siyasi dialoq vasitəsilə aradan qaldırılmasını vacib saydığını göstərir.
Açıqlama ABŞ prezidenti Donald Trampın İranla danışıqların getdiyini təsdiqlədiyi vaxta təsadüf edir. Tramp jurnalistlərə açıqlamasında Vaşinqtonun Tehranla diplomatik kanalları açıq saxladığını bildirərək, “İran bizimlə danışıqlar aparır və görəcəyik ki, hansı nəticəyə gəlmək mümkündür; əks halda nə olacağını zaman göstərəcək”, – deyə qeyd edib.
Müşahidəçilərə görə, Riyadın bu mövqeyi Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almağa yönəlib və bölgədə diplomatik balansın qorunmasına xidmət edir.
13:29 01.02.2026
Oxunuş sayı: 660