Azərbaycanla Özbəkistan arasında təhsil əməkdaşlığı böyük perspektivlər vəd edir -dosent
Bakıda təşkil olunan Özbəkistan Ali təhsil müəssisələrinin II sərgisi çərçivəsində elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Hümbətova da iştirak edib.
Dürdanə Hümbətova sərgi ilə bağlı fikirlərini Crossmedia.az ilə bölüşərək bildirib ki, Azərbaycan və Özbəkistan böyük Türk dünyasının ayrılmaz tərkib hissəsi və aparıcı qüvvələrindəndir. Onun sözlərinə görə, son illər iki ölkə arasında siyasi, iqtisadi, ticarət və xüsusilə təhsil sahəsində əlaqələrin sürətlə genişlənməsi məmnunluq doğurur.
Dosent vurğulayıb ki, bu əlaqələr sırasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. "Təhsil hər bir millətin gələcəyidir. Azərbaycanla Özbəkistan arasında formalaşan təhsil əlaqələri həm bu günümüz, həm də gələcəyimiz üçün mühüm faydalar vəd edir", – deyə o qeyd edib.
D. Hümbətova tələbə və müəllim mübadiləsi, birgə təhsil və elmi layihələrin həyata keçirilməsinin iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcəyini bildirib. Onun fikrincə, bu əməkdaşlıq dünya miqyasında savadlı, bilikli və peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.
Sonda dosent belə sərgilərin əhəmiyyətini vurğulayaraq Özbəkistan Ali təhsil müəssisələrinin II sərgisinə uğurlar arzulayıb və gələcəkdə də bu formatda tədbirlərin davam etməsinin vacibliyini qeyd edib.
Nigar Yahyazadə
12:54 01.02.2026
Oxunuş sayı: 2736