Pezeşkian: Xalqa qarşı yanaşmanı yenidən dəyərləndirməliyik
İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etirazlarla bağlı açıqlama verərək, proseslərin arxasında “sionist rejim” və onun Qərbdəki tərəfdarları kimi and içmiş düşmənlərin dayandığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu qüvvələr sosial tələblərdən sui-istifadə edərək İranı parçalamağı və vətəndaş qarşıdurmasına sürükləməyi hədəfləyirlər.
Dövlət başçısı vurğulayıb ki, hakimiyyət orqanları dinc etirazçıların səsini diqqətlə dinləməli və onların real narahatlıqlarının həlli üçün addımlar atmalıdır.
“Pis niyyətli şəxslərin etirazları nifrət və zorakılığa çevirməsinin qarşısını almaq üçün xalqla davranışımızı və hərəkətlərimizi yenidən nəzərdən keçirməliyik”, – deyə Pezeşkian bildirib.
Prezident əlavə edib ki, etirazların idarə olunmasında diqqətli, ölçülü və ədalətli yanaşma ölkədə sosial sabitliyin qorunması baxımından həlledici əhəmiyyət daşıyır.
16:29 31.01.2026
Oxunuş sayı: 547