Alim: Özbəkistan universitetlərinin təhsil sərgisində gənclərin iştirakı diqqət çəkir
Azərbaycan gənclərinin təhsili bugünkü qloballaşan dünyada əsas prioritetlərdən biri olmalıdır.
Bunu Azərbaycanda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisi barədə Crossmedia.az-a danışan filologiya üzrə fəlsəfə doktoru Mahrux Dövlətzadə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alır və əldə etdikləri biliklər onların işlədikləri sahələrdə özünü göstərir: “Bu onu göstərir ki, biz düzgün istiqamət seçmişik. Bakıda tez-tez müxtəlif ölkələrin təhsil sərgiləri təşkil olunur və bu dəfə Özbəkistan universitetləri təqdim olunur. Sərgidə təxminən 15-ə yaxın dövlət və özəl universitet iştirak edir və onların hər biri ilə yaxından tanış olmaq imkanı yaranıb".
Müsahib əlavə edib ki, universitet nümayəndələri təhsil səviyyəsi və tələbə həyatı haqqında ətraflı məlumat veriblər, ünvanlanan sualları isə ətraflı cavablandırıblar: "Bir çox universitet dövlət təqaüd proqramları ilə işləyir ki, bu da azərbaycanlı gənclərin Özbəkistanda təhsil alması üçün əlverişli şərait yaradır. Sərgidə əsasən gənclərin iştirakı diqqət çəkir. Görünür, bakalavr təhsilini bitirənlər magistr və doktorantura pillələrini Özbəkistanda davam etdirməyi düşünürlər.”
Onun fikrincə, bu sərgi həm Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəmlənməsi, həm də Azərbaycan təhsilinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Zeynəb Xuduyeva
13:50 31.01.2026
Oxunuş sayı: 561