Vaşinqtonun İranla bağlı planları gizli olaraq qalır
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında keçirilən yüksək səviyyəli görüşlər zamanı Fars körfəzi ölkələri Vaşinqtonun İran siyasətinə dair məqsəd və planlarını öyrənə bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fox News telekanalı Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (FKƏDƏŞ) üzv ölkələrdən birinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonda baş tutan məsləhətləşmələrə baxmayaraq, ABŞ administrasiyası İranla bağlı konkret məqsəd və planlarını Körfəz ölkələrindəki müttəfiqləri ilə bölüşməyib.
«Biz mövqeyimizin və ümumilikdə baş verənlərlə bağlı qiymətləndirməmizin düzgün anlaşıldığına əmin olmaq istəyirik. Eyni zamanda, ABŞ-ın mövqeyinin nədən ibarət olduğunu mümkün qədər aydın şəkildə başa düşmək niyyətindəyik. Mən tam aydınlıq gətirilməsini istərdim, lakin buna nail ola bilmədik», – deyə telekanalın həmsöhbəti bildirib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistan iştirakçısı olmadığı bir müharibədə öz hava məkanından istifadəyə icazə verməyəcək.
«Biz ABŞ-a diplomatik vasitələr də daxil olmaqla bütün üsullardan istifadə etməklə ən optimal nəticəyə necə nail olmaq barədə tövsiyələr veririk. Eyni zamanda, İrana da məsləhətlərimiz var. Biz anlayırıq ki, bu prosesdə hamımız iştirak edirik — ABŞ, İran və digər tərəflər — və ən yaxşı nəticəyə ümid edirik», – deyə mənbə əlavə edib.
Turqut Ansari
14:02 31.01.2026
Oxunuş sayı: 470