Akif Aşırlı: Azərbaycanda Özbəkistan universitetlərinin sərgisinin təşkilatçılarını təbrik edirəm
Bu gün Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin ikinci təhsil sərgisinin keçirilməsi iki ölkə arasında elm və təhsil əməkdaşlığının daha da güclənməsinə töhfə verir. Tədbir gənclərə Orta Asiya ölkələrində mövcud təhsil perspektivlərini yaxından tanımaq imkanı yaratmaqla yanaşı, Özbəkistanın nüfuzlu universitetlərini, onların təklif etdiyi ixtisas və təqaüd proqramlarını bir arada görmək fürsəti təqdim edir.
Təhsil sərgisində iştirak edən "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Crossmedia.az-a açıqlama verib ki: "Azərbaycanda Özbəkistan ali təhsil müəssisələrinin sərgi keçirməsi və ali məktəblərinin bizim gənclərə təqdim olunmasının çox böyük əhəmiyyəti var. Azərbaycan və Özbəkistan bir aradadır və eyni amala xidmət edir. Məqsəd Türk Dövlətləri Təşkilatının birliyinin güclü, inkişaf edən və dayanıqlı olmasını təmin etməkdir. Bu dayanıqlığı təmin etmək üçün belə sərgilərin keçirilməsi, Azərbaycan ali təhsil müəssisələrinin Özbəkistanın ali təhsil sektoru ilə yaxından tanış olması, alimlərimiz arasında əlaqələrin inkişafı, eyni zamanda Azərbaycan gənclərinin Özbəkistanda, Özbəkistan gənclərinin isə Azərbaycanda təhsil alması bizim birliyimiz üçün vacib olan ən mühüm addımlardan biridir.
Burada xeyli sayda gənclər iştirak edir. Hər iki ölkənin tələbələri ilə söhbətlərimiz əsnasında belə qənaətə gəlirik ki, iki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir və əlaqələrimiz son dərəcə dinamikdir. Təhsil müəssisələri arasındakı əlaqələr də daim inkişaf etməlidir. Sovetlər dönəmində belə əlaqələr mövcud idi, lakin təəssüf ki, Azərbaycan və Özbəkistan, ümumiyyətlə türk respublikaları müstəqillik elan etdikdən sonra bu istiqamətdə lazımi addımlar atılmayıb. Fəqət bu gün biz məhz həmin addımların atılmasının şahidi oluruq. Bu, bizim tarixi əlaqələrimizin bərpası və gənclərimizin inkişafı baxımından mühüm bir layihədir.
Təşkilatçıları təbrik edirik!"
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Türkan Kərimli
12:42 31.01.2026
Oxunuş sayı: 616