Gülyanaq Məmmədova Azərbaycanda keçirilən təhsil sərgisindən danışdı: Əlaqələrimiz inkişaf edir
"Çox xoşbəxtəm ki, iki gün öncə həm Azərbaycan, həm də Özbəkistan dövlətlərinin xalq artisti kimi Özbəkistan Mədəniyyət Nazirliyi və nazir Asadviq Nazarbəyqov tərəfindən “Mədəniyyət və Sənət Fədakarı” medalı ilə təltif olunmuşam".
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində xalq artisti, müğənni Gülyanaq Məmmədova deyib.
"Bu tədbirdə iştirak etdiyim üçün çox şadam, məmnunam və tədbirin təşkilatçılarını ürəkdən dəstəkləyir, alqışlayıram. Bu günlərdə Azərbaycan–Özbəkistan dostluğunun və qardaşlığının daim inkişaf etdiyini, zirvədə olduğunu bir daha görürük. Mən dünən Özbəkistandan qayıtmışam. Biz də mədəniyyət və incəsənət sahəsində bu inkişafa dəstəyimizi əsirgəməməyə çalışırıq. Çox xoşbəxtəm ki, iki gün öncə həm Azərbaycan, həm də Özbəkistan dövlətlərinin xalq artisti kimi Özbəkistan Mədəniyyət Nazirliyi və nazir Asadviq Nazarbekov tərəfindən “Mədəniyyət və Sənət Fədakarı” medalı ilə təltif olunmuşam. Bu, məni çox sevindirir və özümü çox şanslı hesab edirəm. Bu dəyərlərin verilməsi mənim üçün böyük xoşbəxtlikdir. Çünki mən də çalışıram ki, Özbəkistanın musiqi və mədəniyyət təhsili sahəsində öz töhfəmi verim, addımlarımı atım".
Sənətkar qeyd edib ki, iki ölkə arasında mövcud olan bu təhsil əlaqələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də öz əksini tapır:
"Tez-tez Özbəkistandan qonaqlarımız olur – Yunus Əmrə Universitetindən, Mədəniyyət Universitetindən, Jurnalistika Universitetindən və digər ali təhsil müəssisələrindən. Ümumiyyətlə, universitetimiz qardaş ölkələr – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrlə universitetlərarası birliyin yaradılmasına çalışır. Açıq dərslərimiz, ustad dərslərimiz keçirilir.
Mən də Özbəkistanda Yunus Əmrə Universitetində ustad dərsi keçmişəm. Orada musiqilərimizin bir-birinə yaxınlığını, doğmalığını tələbələrə izah etməyə çalışmışıq. Ritmlərimizin, notlarımızın, oxunuş tərzimizin, zənginliklərimizin bir-birinə nə qədər yaxın olduğunu göstərmişik. Yəni biz də öz missiyamıza uyğun olaraq, təhsil müəssisələrində bu istiqamətdə addımlar atmağa çalışırıq. Mən bunu özümə borc bilirəm. Bu gün çox xoşbəxtəm. Azərbaycanımı sevirəm və Özbəkistanı da mənim üçün ikinci doğma vətən kimi dəyərləndirirəm. Onların təhsilinin inkişafını alqışlayıram, bu sahə ilə yaxından maraqlanmışam".
G.Məmmədovanın sözlərinə görə, bir çox universitetdə– Nəvai Universitetində, Nizami Gəncəvi Universitetində, Jurnalistika Universitetində çıxışları olmuş, musiqilərini tələbələr qarşısında təqdim edib:
"Tələbələr də görsünlər ki, təhsildə musiqinin və mədəniyyətin rolu nə qədər böyükdür. Biz hər birimiz öz missiyamızı layiqincə yerinə yetirsək, bu, ümumi inkişafımıza böyük töhfə verər. Mən bir daha hamını alqışlayır, təbrik edir və sərgimizin uğurlu olmasını arzulayıram".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Fatimə Məmmədova
12:29 31.01.2026
Oxunuş sayı: 571