Baş redaktor: Əminəm ki, Özbəkistanda da Azərbaycanda təhsil almaq istəyən kifayət qədər gənc var
Bu gün Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin ikinci təhsil sərgisi keçirilir. Tədbir Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinə xidmət etməklə yanaşı, gənclərin Orta Asiya ölkələrində təhsil imkanları barədə daha dolğun məlumat əldə etməsinə şərait yaradır. Sərgi çərçivəsində Özbəkistanın aparıcı universitetləri, ixtisaslar və təqaüd proqramları təqdim olunur.
Təhsil sərgisi ilə bağlı ‘’Yurd.Media’’nın baş redaktoru Murad Əliyev Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətləri olduqca yüksək qiymətləndirir. ‘’Son illər Azərbaycanın Orta Asiya ölkələri, xüsusilə də türk dilli dövlətlərlə əlaqələri ardıcıl və dinamik şəkildə inkişaf edir. Bu prosesdə Özbəkistanla münasibətlərimiz daha da dərinləşir və yeni mərhələyə qədəm qoyur. Təhsil sahəsi isə bu əlaqələrin əsas və strateji istiqamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycanda Özbəkistana həsr olunmuş təhsil sərgilərinin keçirilməsi son dərəcə əhəmiyyətli hadisədir. Çünki Azərbaycan gənclərinin istər Özbəkistanda, istərsə də Qazaxıstan kimi digər Orta Asiya ölkələrində təhsil almağa marağı böyükdür, lakin mövcud imkanlar barədə məlumatları kifayət qədər deyil’’.
Baş redaktor vurğulayıb ki, bu cür sərgilər gənclərin düzgün və dolğun məlumatlandırılması baxımından mühüm rol oynayır: ‘’Digər tərəfdən, istərdim ki, analoji sərgilər Özbəkistanda da təşkil olunsun, Azərbaycan universitetləri və təhsil imkanları orada təqdim edilsin. Əminəm ki, Özbəkistanda da Azərbaycanda təhsil almaq istəyən kifayət qədər gənc var və bu cür təşəbbüslər onlara real imkanlar yaradacaq’’.
Sevinc Yarməmmədova
11:16 31.01.2026
Oxunuş sayı: 623