Ermənistanda kilsə qalmaqalı: Katolikosun ailəsi milyonlarla ianə ilə ittiham olunur
Bütün Ermənilərin Hovhannavank Erməni Katolikosunun keşişi Ter Aram (Stepan Asatryan) bütün ermənilərin Katolikosu II Qareginin fəaliyyəti ilə bağlı ciddi ittihamlar səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni kiv-i məlumat yayıb.
Keşiş iddia edib ki, katolikosun qardaşı Mkrtıç (Yezras) Nersisyan Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün altı min döyüşçü cəlb edib. Onun sözlərinə görə, bu şəxslərə ödənişlər Erməni Apostol Kilsəsinə ianə edilən vəsaitlər hesabına həyata keçirilib.
“Bu yaxınlarda Yezrasın altı min könüllü cəlb etdiyi, onlara pul verdiyi və Rusiya–Ukrayna müharibəsinə göndərdiyi barədə məlumat aldıq. O, bu pulu haradan əldə edib? Hansı vəsaitdən istifadə edib? Əslində deyə bilərik ki, Erməni Kilsəsinin pulundan istifadə edib — erməni xalqının kilsə və xalq üçün ianə etdiyi pullardan”, — deyə Ter Aram bildirib.
Keşiş II Qaregini kilsə vəsaitlərinin mənimsənilməsində də ittiham edib. Onun sözlərinə görə, dindarların son ianələri hesabına formalaşan gəlirlər məqsədsiz şəkildə xərclənir.
Ter Aram həmçinin bildirib ki, Katolikos II Qaregin kilsəyə məxsus mənzili Şoqhakat telekanalının direktoru Mane Qazaryana bağışlayıb. Keşişin sözlərinə görə, bu qərar Yepiskoplar Məclisinin razılığı olmadan verilib və qanunsuzdur.
“Eçmiədzində o qədər pul var ki, Ermənistanda bir nəfər də evsiz qalmamalıdır. Amma bu pullar sadəcə israf edilir”, — deyə o vurğulayıb.
Keşiş məhkəmə prosesləri zamanı maddi imkansızlıq səbəbindən vəkil tuta bilmədiklərini, lakin II Qareginin qardaşı oğlunun rəhbərlik etdiyi yeparxiyanın ölkənin ən məşhur dörd vəkili ilə təmsil olunduğunu bildirib və bunun mənbəyini sual altına alıb.
Qeyd edək ki, Ter Aram Katolikos II Qareginə qarşı açıq şəkildə çıxış edən ilk erməni ruhanilərindən biri hesab olunur.
17:55 30.01.2026
Oxunuş sayı: 509