Qruşko -Aİ və NATO Rusiya ilə mümkün müharibəyə hazırlaşır
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqı və NATO ölkələrinin siyasətinin Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlığa yönəldiyini bildirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Qruşko mətbuat konfransında çıxışı zamanı Aİ və NATO-nun strateji doktrinalarında ciddi dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sənədlərdə cəmiyyətin, iqtisadiyyatın, hərbi strukturun və infrastrukturun “qaçılmaz müharibə” ssenarisinə uyğun şəkildə hazırlandığı açıq görünür.
Nazir müavini qeyd edib ki, bu məqsədlə böyük maliyyə və texniki resurslar səfərbər olunur, sənaye və hərbi istehsal bazası yenidən formalaşdırılır.
Qruşko bildirib ki, Aİ və NATO-nun yeni strateji sənədlərində Rusiya artıq təkcə birbaşa təhlükə deyil, uzunmüddətli təhdid kimi təqdim edilir. Onun sözlərinə görə, bu yanaşma hətta Ukrayna münaqişəsinin mümkün həllindən sonra da dəyişməyəcək.
O, həmçinin Avropada informasiya məkanının getdikcə daha çox məhdudlaşdırıldığını, alternativ fikirlər səsləndirən şəxslərə və hadisələrin mahiyyəti ilə bağlı sual verənlərə qarşı təzyiqlərin artdığını bildirib.
Qruşko vurğulayıb ki, Rusiya tərəfi bu prosesləri diqqətlə izləyir və baş verənləri təhlil edir.
17:19 30.01.2026
Oxunuş sayı: 417