Erməni kilsəsində qalmaqal — 6 min döyüşçü, milyonlarla ianə və gizli razılaşmalar
Ermənistanda Ovanavank monastırının baş keşişi, ierey Ter Aram (Stepan Asatryan) bütün ermənilərin katolikosu II Qaregin və onun yaxın çevrəsi ilə bağlı ciddi ittihamlar irəli sürüb. Bu barədə erməni mətbuatı məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Ruhaninin sözlərinə görə, katolikosun qardaşı Mkrtıç (Ezras) Nersisyan Rusiyanın Ukraynaya qarşı apardığı müharibə üçün 6 min nəfəri döyüşlərə cəlb edib. Ter Aram iddia edib ki, həmin şəxslərə maddi vəsait verilib və onlar Rusiya–Ukrayna müharibəsinə göndəriliblər.
Keşiş bildirib ki, bu məqsədlə istifadə olunan vəsaitlər Erməni Apostol Kilsəsinə məxsus olub:
“Bu pullar erməni xalqının kilsə və xalq üçün ianə etdiyi vəsaitlərdir. Onların hərbi məqsədlərlə xərclənməsi ciddi suallar doğurur”.
Ter Aram katolikos II Qareginin kilsə maliyyəsini mənimsədiyini də açıqlayıb. Onun sözlərinə görə, möminlərin ianələri hesabına formalaşan kilsə gəlirləri şəffaf şəkildə istifadə olunmur və faktiki olaraq israf edilir.
Ruhani həmçinin iddia edib ki, II Qaregin kilsəyə məxsus mənzili Erməni Apostol Kilsəsinə bağlı “Şoğakat” telekanalının direktoru Mane Kazaryana hədiyyə edib. Bu addımın yepiskoplar şurasının qərarı olmadan atıldığı vurğulanıb.
Ter Aram bildirib ki, Eçmiədzinin maliyyə imkanları Ermənistan daxilində sosial problemlərin həllinə yetərli olsa da, bu vəsaitlər təyinatı üzrə xərclənmir.
O, məhkəmə prosesi zamanı özünün və digər ruhanilərin vəkil tutmaq imkanının olmadığını, buna baxmayaraq Aragaçotn yeparxiyasının rəhbərinin — II Qareginin qardaşı oğlunun — ölkənin ən tanınmış dörd vəkili ilə təmsil olunduğunu qeyd edib.
Qeyd edək ki, ierey Ter Aram katolikos II Qareginin fəaliyyətinə qarşı açıq şəkildə çıxış edən ilk erməni ruhanilərindən biri kimi tanınır.
17:14 30.01.2026
Oxunuş sayı: 449