ABŞ-də şok qalmaqal: Məxfi sənədlər ChatGPT-yə yükləndi
ABŞ-də kiber-təhlükəsizlik sahəsində ciddi qalmaqal yaşanıb. Ölkənin rəqəmsal müdafiəsinə cavabdeh olan yüksək vəzifəli məmurun ehtiyatsız davranışı federal təhlükəsizlik sistemlərində həyəcan siqnalının işə düşməsinə səbəb olub.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir. Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) nəzdində fəaliyyət göstərən Kiber-təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) müvəqqəti rəhbəri Madhu Gottumukkala rəsmi hökumət sənədlərini yanlışlıqla ChatGPT platformasına yükləyib.
Qeyd olunur ki, süni intellekt alətlərinin əksəriyyətinin dövlət qurumlarında istifadəsi məhdudlaşdırılsa da, Gottumukkala bu platformadan istifadə üçün xüsusi icazəyə malik olub. Lakin məxfi sənədlərin sistemə yüklənməsi federal təhlükəsizlik mexanizmləri tərəfindən dərhal aşkar edilərək risk siqnalı yaradıb.
Mütəxəssislər hadisənin təhlükəli tərəfinin süni intellektin işləmə mexanizmi ilə bağlı olduğunu bildirirlər. Belə ki, ChatGPT-nin ictimai versiyasına daxil edilən məlumatlar sistem tərəfindən yadda saxlanıla və gələcəkdə digər istifadəçilərin suallarına cavab kimi istifadə oluna bilər. Bu isə dövlət sirri daşıyan informasiyaların istəmədən ifşa edilməsi riskini artırır.
Hazırda DHS baş verən hadisənin mümkün nəticələrini qiymətləndirir. Eyni zamanda, məxfi şəbəkələrdən məlumat sızmasının qarşısını almaq üçün nəzərdə tutulan federal protokolların bu səhvin qarşısını niyə ala bilmədiyi araşdırılır.
Hadisə dövlət qurumlarında süni intellekt alətlərindən istifadənin risklərini bir daha gündəmə gətirib və rəsmi şəxslərin bu texnologiyalardan istifadə edərkən daha ehtiyatlı olmasının vacibliyini göstərib.
Sevinc Yarməmmədova
14:54 30.01.2026
Oxunuş sayı: 466