İran Ordusu: Trampın sürətli əməliyyat planları işə yaramayacaq
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ABŞ-ın İrana qarşı mümkün hərbi addımlarına sərt reaksiya verib. O bildirib ki, Vaşinqton tərəfindən ediləcək hər hansı “səhv hesablamalar” dərhal və qətiyyətli cavabla qarşılanacaq.
Crossmedia.az xəbər verir ki, Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri əvvəlki təcrübələrdən nəticə çıxarıb və tərəddüd etməyəcək, düşmənə vaxt qazandırmayacaq. O vurğulayıb ki, əməliyyat planları əvvəlcədən hazırlanıb.
Hərbi sözçü qeyd edib ki, regionda yerləşən ABŞ hərbi bazaları İranın dron və raket sistemlərinin birbaşa zərbə məsafəsindədir.
“ABŞ-ın mümkün hücumu Trampın təsəvvür etdiyi kimi qısa və sürətli əməliyyatla bitməyəcək. Belə bir addım bir neçə saatlıq əməliyyatla məhdudlaşmayacaq, əksinə bütün regionu əhatə edən genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər”, – deyə general əlavə edib.
Mütəxəssislər bildirirlər ki, İranın bu açıqlaması regionda hərbi gərginliyin artmaqda olduğunu və Vaşinqton-Tehran münasibətlərində potensial risklərin yüksək olduğunu göstərir.
13:32 30.01.2026
Oxunuş sayı: 356