Çin İranın hərbi potensialının bərpasına dəstək verir – Modern Diplomacy
Çin 12 günlük müharibədən sonra İranın hərbi potensialını bərpa etməsi məqsədilə bir sıra strateji hərbi və texnoloji komponentlərin tədarükünü həyata keçirib. Modern Diplomacy nəşrinin məlumatına görə, bu çərçivədə İrana ballistik raketlər üçün bərk yanacaq komponentləri, dəqiq yönləndirmə sistemləri, mikroprosessorlar və raket yanacağı istehsalında istifadə olunan kimyəvi maddələr ötürülüb.
Crossmedia.az-ın verdiyi məlumata əsasən, Pekin eyni zamanda İranın hava hücumundan müdafiə və radar imkanlarını gücləndirir. İlk dəfə olaraq Çin İsrailin F-35 kimi “stealth” texnologiyalı döyüş təyyarələrini aşkar edə bilən qabaqcıl radar sistemlərini İrana təqdim edib.
Qeyd olunur ki, 2025-ci ildə İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Çin Mossadın İran strukturlarına nə dərəcədə sızdığını ciddi şəkildə izləməyə başlayıb. Bu proses fonunda Pekin və Tehran arasında texniki və təhlükəsizlik sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Çin mütəxəssisləri İranın dövlət məlumat bazalarına və proqram təminatına İsrail kəşfiyyatının necə daxil olduğunu araşdırmaqda Tehrana yardım göstərir. Eyni zamanda Qərb mənşəli sistemlərin əvəzinə Çin istehsalı olan qapalı və daha təhlükəsiz texnologiyaların tətbiqi təşviq olunur.
Bundan əlavə, İran ABŞ və Qərb GPS sistemlərindən imtina edərək Çin tərəfindən yaradılmış BeiDou peyk naviqasiya sisteminə keçməyi planlaşdırır. Məlumata görə, Pekin İran üçün öz peyk və kosmik infrastrukturuna giriş icazəsi də verib.
Analitiklər bu proseslərin Çin–İran strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini və regional təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyini bildirirlər.
11:03 30.01.2026
Oxunuş sayı: 596