Qalibaf Aİ-nin qərarına cavab verdi: SEPAH terrorçuluğa qarşı ən güclü qüvvələrdən biridir
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Avropa Birliyinin SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanıması ilə bağlı qərarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Qalibaf “X” sosial şəbəkə hesabında paylaşım edərək SEPAH-ın terrorçuluğa qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb. O, qurumu “dünyanın ən güclü və ən təsirli terrorizmə qarşı mübarizə qüvvələrindən biri” adlandırıb.
Parlament sədri qeyd edib ki, SEPAH-ın xüsusilə İŞİD terror qruplaşmasına qarşı mübarizədə əldə etdiyi nailiyyətləri yalnız terrorçuları dəstəkləyən tərəflər inkar edə bilər.
“SEPAH dünyanın ən güclü və ən təsirli terrorçuluğa qarşı mübarizə qüvvələrindən biridir. Yalnız terrorçuların tərəfini tutanlar onun İŞİD terrorizminə qarşı mübarizədəki uğurlarını görməzlikdən gələ bilərlər. Terrorçuluğu dəstəkləmək Avropa ölkələrinə yalnız peşmançılıq gətirəcək”, – deyə Qalibaf paylaşımında bildirib.
Qeyd edək ki, Avropa Birliyinin SEPAH-la bağlı qərarı İran–Aİ münasibətlərində gərginliyi daha da artırıb. Tehran bu addımı siyasi motivli və beynəlxalq hüquqa zidd hesab edir.
10:58 30.01.2026
Oxunuş sayı: 544