ABŞ-də peşəkar döyüş turniri keçirilib
ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların “CSE Combat” birliyinin təşkilatçılığı ilə “The Gauntlet” adlı çoxmərhələli peşəkar döyüş turniri keçirilib. Turnirdə ABŞ-nin tanınan MMA döyüşçüləri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının rəhbəri, ABŞ-də yaşayan tanınan azərbaycanlı idmançı Elgün Xanoğlanlı bildirib ki, turnir ilk dəfə təşkil olunur və bu, rəhbərlik etdiyi qurumun ABŞ-də idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir.
Turnir çərçivəsində MMA və kikboksinq üzrə qarşılaşmalar da təşkil olunub. Hər çəki dərəcəsində səkkiz idmançının mübarizə apardığı yarış tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin döyüşlərdə güclərini sınayıblar.
Qeyd edək ki, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası 2023-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi gənclərin səmərəli fəaliyyətinə dəstək göstərmək, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, eyni zamanda Azərbaycan mədəniyyətini, milli dəyərlərini və ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.
14:52 27.01.2026
Oxunuş sayı: 326