“Beynəlxalq Gün 2026”-da Azərbaycan uğurla təmsil olunub
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərindəki "SEK" Beynəlxalq Məktəbində keçirilən "Beynəlxalq gün 2026" (International Day) tədbirində Azərbaycan uğurla təmsil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bu məktəbin müəllimi olan soydaşlarımız Elmir və Elvira Manafovlar, Anar Kazımov, Tünzalə Şarayeva, eləcə də azərbaycanlı şagirdlərin valideynləri Fuad və Həbibə Allahverdiyevlər Azərbaycan stendinin qurulmasında mühüm rol oynayıblar.
Tədbirdə Səudiyyə Ərəbistanı və Azərbaycanla yanaşı, Türkiyə, Çin, Yunanıstan, Misir, Pakistan, İspaniya, Fələstin və digər ölkələrin təmsilçiləri də iştirak ediblər.
Zəngin mədəni irsimizdən, milli dəyərlərimizdən və mətbəximizdən nümunələrin sərgiləndiyi Azərbaycan stendi ən çox diqqət çəkən ekspozisiyalardan biri olub. Şagirdlərin hazırladığı 70-ə yaxın broşür və məlumatlandırıcı materiallar ziyarətçilərə paylanılıb. Broşürlərdə Vətənimizin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, sürətli inkişafı barədə ətraflı məlumatlar yer alıb. Azərbaycanın geniş turizm imkanları ilə tanış olan ziyarətçilər gələcəkdə ölkəmizə səfər edəcəklərini bildiriblər.
14:47 27.01.2026
Oxunuş sayı: 264