Saqarecoda 20 Yanvar faciəsinə həsr olunan idman yarışı keçirilib
Gürcüstanda fəaliyyət göstərən “Qafqaz Arena” İdman Assosiasiyasının təşkilatçılığı ilə Saqareco rayonunun Qaraçöp mahalında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan idman yarışı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yarışda Gürcüstanın müxtəlif bölgələrindən 150 idmançı iştirak edib.
İdmançılar əvvəlcə Gürcüstanın Qaraçöp bölgəsində (Yormuğanlı kəndi) 20 Yanvar şəhidlərinin, o cümlədən şəhid Ələsgər Qayıbovun xatirəsini anıblar.
“Qafqaz Arena” İdman Assosiasiyası və “Qabal İnkişaf Mərkəzi”nin rəhbəri Yavər Məmmədov yarışın məqsədinin gənclərin sağlam inkişafını, təhsilini və milli-mənəvi dəyərlərimizin qorunmasında fəal iştirakını dəstəkləmək olduğunu deyib.
Məlumat üçün qeyd edək ki, 20 Yanvar faciəsinin günahsız qurbanları arasında Gürcüstanda yaşamış 6 azərbaycanlıdan biri Ələsgər Qayıbov olub. 24 yaşlı Ələsgər Qayıbov 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə yaralananlara kömək edib. “Gənclik” metrostansiyası yaxınlığında olarkən özü də yaralanıb. Bir neçə əməliyyat aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Şəhərin Nərimanov rayonunda küçələrdən birinə adı verilib, təhsil aldığı ali məktəbdə isə xatirə lövhəsi quraşdırılıb. Kənddə Ələsgər Qayıbovun və bütün 20 Yanvar və 9 aprel hadisələrində həlak olanların xatirəsinə 1991-ci ildə “Şəhid” abidəsi ucaldılıb.
14:40 27.01.2026
Oxunuş sayı: 292