Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbərliyi Şimali Kipr Türk Respublikasının Prezidenti ilə görüşüb
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Kipr Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Orxan Həsənoğlu Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmanı Prezident iqamətgahında ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüş zamanı Orxan Həsənoğlu Prezident Tufan Erhürmanı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, 2012-ci ildən fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, hazırda Şimali Kipr Türk Respublikasında iki minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan elm adamları və mütəxəssislər də var. 300-dən artıq azərbaycanlının ŞKTR-də rəsmi qaydada çalışdığı və iki qardaş ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyi bildirilib. Orxan Həsənoğlu Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini vurğulayıb.
Prezident Tufan Erhürman Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbərliyinə və idarə heyətinə ziyarətə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi Şimali Kipr Türk Respublikası üçün xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə Kipr Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
Prezident, həmçinin Şimali Kipr Türk Respublikasında yaşayan azərbaycanlıların daim diqqət mərkəzində olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Görüşdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən professor Rəcəb Rəcəbov, doktor Bəxtiyar Məmmədov və doktor Rəşad Məmmədov da çıxış edərək, elmi, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
16:55 23.01.2026
Oxunuş sayı: 87