Ekspert deputatla razılaşmadı: Dünyada belə praktika yoxdur
Azərbaycanda əhalinin bank sektoruna bağlılığının artması, xüsusilə istehlak kreditlərinin geniş yayılması borcluların hüquqlarının hüquqi mexanizmlərlə daha dəqiq tənzimlənməsi məsələsini aktuallaşdırıb. Son illər borclularla maliyyə qurumları arasında yaranan mübahisələr, ödəniş çətinlikləri və hüquqi boşluqlar cəmiyyətdə bu sahədə ayrıca normativ bazaya ehtiyac olduğunu göstərir.
Məhz bu zərurət fonunda Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev borcluların hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Onun fikrincə, qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahədə xüsusi qanunun mövcudluğu həm bank sektorunda şəffaflığın artmasına, həm də vətəndaşların maliyyə hüquqlarının daha effektiv müdafiəsinə şərait yaradır.
Səslənən fikirlər barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Crossmedia.az-a danışıb: "Borcluların hüquqlarının qorunması haqqında” ayrıca bir qanun anlayışı dünyada mövcud deyil. Dünyada istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunlar var və bu qanunlar çərçivəsində borc münasibətləri də tənzimlənir. Azərbaycanda da İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun mövcuddur və borc münasibətləri də həmin qanunun əhatə dairəsinə daxildir.

Bundan əlavə, dünyada istehlak kreditləri üzrə ayrıca hüquqi tənzimləmə mövcuddur ki, bu da vətəndaşların istehlak kreditləri üzrə hüquqlarının qorunmasını təmin edir. Azərbaycanda bu müddəalar ayrıca qanun şəklində deyil, Mülki Məcəllənin “Borc” fəslinə əlavə edilib. Sözügedən dəyişikliklər 2022-ci ildə qəbul olunub. Qeyd edim ki, həmin qanun layihəsinin hazırlanmasında mən də iştirak etmişəm və bu iş almaniyalı professor Piter Krebs ilə birgə həyata keçirilib.
Beləliklə, 2022-ci ildən etibarən Mülki Məcəllənin Borc fəslində borcluların hüquq və maraqlarının müdafiəsini təmin edən kifayət qədər maddələr mövcuddur. Yəni bu gün Azərbaycanda borcluların hüquqlarını qoruyan hüquqi mexanizmlər var".
O qeyd edib ki, əsas çatışmayan məsələ vətəndaşların özlərini müflis elan etməsi ilə bağlı ayrıca qanunun olmamasıdır: "Hazırda “Müflisləşmə və iflas haqqında” qanun hüquqi şəxslərə və fərdi sahibkarlara şamil olunur, lakin adi vətəndaşlar bu qanunun əhatə dairəsinə daxil deyil. Halbuki belə bir ehtiyac var: əgər şəxs borclarını ödəmək imkanında deyilsə, özünü müflis elan edə bilməlidir".
Ekspert, həmçinin bu qanunun mövcud olmasa belə, hazırkı qanunvericilik borcluların hüquq və maraqlarını kifayət qədər qoruduğunu qeyd edib:
"Problem qanunvericilikdə deyil, daha çox onun tətbiqindədir. Məsələn, vətəndaşın banka, bank olmayan kredit təşkilatına və ya başqa bir şəxsə borcu ola bilər. Əgər onun ödəmə imkanı yoxdursa, mövcud qanunvericilik açıq şəkildə bildirir ki, bu halda ona qarşı cəza və ya sanksiya tətbiq edilə bilməz. Lakin praktikada icra məmurları tərəfindən vətəndaşlar narahat edilir, bir çox hallarda onların ölkədən çıxışına məhdudiyyət qoyulur. Əvvəllər borca görə həbs hallarına da geniş şəkildə rast gəlinirdi. Son illərdə bu hallar azalıb.
Bu azalma təsadüfi deyil. 2016-cı ildə mən bu cür həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdim və 2022-ci il iyulun 22-də — Milli Mətbuat Günündə — Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda borca görə həbsləri qanunsuz hesab etdi. Məhkəmə açıq şəkildə bildirdi ki, vətəndaşın maddi imkanı yoxdursa, ona qarşı hər hansı cəza, sanksiya və ya məcburedici tədbir tətbiq edilə bilməz.
Doğrudur, bu gün də ayrı-ayrı hallarda qanunsuz həbslər baş verir, lakin onların sayı kəskin şəkildə azalıb. Əslində, Avropa Məhkəməsinin qərarı olmasaydı belə, Azərbaycan qanunvericiliyi buna onsuz da imkan vermirdi. Sadəcə olaraq, icra məmurları və bəzi məhkəmələr qanun pozuntularına yol verirdilər və bəzən indi də verirlər.
Nəticə etibarilə, problem qanunvericilikdə deyil, onun icrası və tətbiqi mexanizmlərindədir".
Elmir Heydərli
09:51 26.01.2026
Oxunuş sayı: 629