Dərsliklər RƏQƏMSALLAŞDIRILIR: Şagirdləri nələr gözləyir?
Milli Məclisdə orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunub.
Bu, son illərdə təhsil sahəsində aparılan islahatların məntiqi davamı kimi qiymətləndirilə bilər. Xüsusilə pandemiya dövründə tətbiq olunan onlayn tədris modelləri və elektron resurslar göstərdi ki, rəqəmsal təhsil artıq alternativ yox, zərurətə çevrilməkdədir. Bu kontekstdə dərsliklərin elektron formata keçirilməsi yalnız texnoloji yenilik deyil, eyni zamanda təhsilin əlçatanlığı, çevikliyi və davamlılığı baxımından ciddi təsir gücünə malik bir addımdır.
Bu təklifin müsbət və mənfi tərəflərinin obyektiv şəkildə dəyərləndirilməsi isə həm təhsil siyasəti, həm də şagirdlərin psixoloji, sosial və akademik inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib:
"Dərsliklərin rəqəmsallaşması əslində COVID dövründə həyata keçirilmişdi. Həmin dövrdə həm elektron dərsliklər təqdim olundu, həm də YouTube kanalı vasitəsilə dərslərin izahı aparıldı. Orta təhsildə demək olar ki, əksər fənlərin mövzuları Təhsil Nazirliyinin elektron resurslar bazasında qabaqcıl müəllimlər tərəfindən izah olunmuş və dərsliklərin elektron versiyaları yerləşdirilmişdi.

Bu elektronlaşma, təbii ki, şagirdlərin kitablara daha rahat çıxışına, əvvəlki mövzuları xatırlamasına və yenidən nəzərdən keçirməsinə yaxşı imkan yaradır. Eyni zamanda bu proses müəyyən qədər kağıt sərfiyyatını da azaldır.
Yəni, artıq günümüz internet və texnologiya dövrüdür və bu baxımdan kitabların elektron formada olması düşünürəm ki, faydalıdır. Məsələn, şagird fiziki kitabı evdə, elektron kitabı isə dərsdə istifadə edə bilər və ya əksinə. Bu isə şagird çantasının yükünün azalmasına da kömək edə bilər".
O əlavə edib ki, elektronlaşma və rəqəmsallaşma kitabların analitik istifadəsinə də müsbət təsir göstərir: "Məsələn, kitab üzərindən müəyyən sözlərin axtarılması, mətnlərin vizuallaşdırılması, vacib hissələrin daha qalın və diqqətçəkən formada vurğulanması mümkündür.
Bu cür imkanlardan istifadə etməklə dərsləri daha effektiv və daha maraqlı etmək olar. Yəni, ümumilikdə bu addım müsbət qiymətləndirilə bilər və düşünürəm ki, faydalıdır".
Ekspert əlavə edib ki, bir kitabın eyni zamanda ağac, ekologiya demək olduğunu da unutmayaq: "Bu baxımdan elektron dərsliklər ekoloji cəhətdən də faydalıdır. Əlbəttə, kitab qoxusu, fiziki kitabdan istifadə ayrı bir hissdir. Amma müasir dövrün gəncləri — Z nəsli və alfa nəsli — daha çox mobil telefonlardan və kompüterlərdən istifadə etdiyinə görə dərsliklərin elektron formada olması onların bu alətlər üzərindən kitab oxumasına və dərs materiallarına baxmasına şərait yaradır.
Bu, faydalı bir addımdır: həm iqtisadi baxımdan qənaətdir, həm ekologiyaya dəstəkdir, həm də şagirdlər üçün əlçatanlığı artırır. Eyni zamanda əvvəlki illərin dərsliklərinə bir platformada baxmaq, müxtəlif testlərdən və interaktiv öyrənmə metodlarından istifadə etməklə tədris prosesini daha effektiv qurmaq mümkündür".
Ayhan
11:55 24.01.2026
Oxunuş sayı: 637