Praqada “Qəhrəmanlıq Varislikdir” filminin təqdimatı olub
Çexiyanın paytaxtı Praqada yerləşən “Cinema City” kinoteatrında Azərbaycan diasporunun fəal üzvlərindən biri olan Varis Məcidova həsr edilən “Qəhrəmanlıq Varislikdir” sənədli-bədii filminin təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Çexiyada fəaliyyət göstərən “Land of Fire” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Filmdə Sovet dövründə Rusiyada hüquq-mühafizə orqanlarında çalışan, sonradan həmin ölkədə Azərbaycan diasporunun fəal üzvünə çevrilən mərhum polis polkovniki Varis Məcidovun həyatı və qəhrəmanlıq yolu əks etdirilib. Ekran əsərində sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar faciəsi zamanı günahsız yerə həbs edilərək Ulyanovsk şəhərinə aparılan və ağır işgəncələrə məruz qalan 46 nəfər azərbaycanlının taleyindən bəhs olunub. Elə ağır və ədalətsiz bir dövrdə Varis Məcidovun misilsiz cəsarəti, qətiyyətli mübarizəsi nəticəsində həmin 46 azərbaycanlının azadlığa buraxılması ön plana çıxarılıb.
Filmin layihə rəhbəri Xuraman Osmanova, rejissoru Nicat Cəlilov, ssenari müəllifləri isə Vahid Orucov və Bariqəm Şirəliyevdir.
13:00 23.01.2026
Oxunuş sayı: 195