Bu universitetin məzunları işsiz qalmır
Bakı Ali Neft Məktəbi Dövlət Məşğulluq Agentliyinin "Məzunların məşğulluq reytinqi" siyahısına əsasən ali məktəblər arasında məzunlarının işlə təmin olunmasına görə birinci olub.
Crossmedia.az xəbər verir ki, 2018-2022-ci illəri əhatə edən reytinqdə Bakı Ali Neft Məktəbinin 535 məzununun 402-sinin və ya 75,1 faizinin (Ali məktəblər arasında ortalama reytinq - 67,3) işlə təmin olunduğu əks olunub.
Siyahıda ikinci yerdə məzunlarının işlə təmin olunmasına görə 62,7 faizlə (Ali məktəblər arasında ortalama 53,5) ADA universiteti qərarlaşır. Belə ki, bu universitetdə sözügedən dövrdə məzun olan 1 615 nəfərin 1 012-si işlə təmin olunub.
Üçüncü yerdə 3 112 məzunundan 2009-nun və ya 64,6 faizinin (Ali məktəblər arasında ortalama 50,6 ) işlə təmin olunduğu Bakı Mühəndislik Universiteti (2023-cü il də daxil olmaqla), dördüncü yerdə 1 623 məzundan 1036-sinin və ya 63,8 faizinin işlə təmin olunduğu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Ali məktəblər arasında ortalama 49,2), beşinci yerdə isə 16 342 məzundan 10 634-ünün və ya 65,1 faizinin işlə təmin olunduğu Azərbaycan Dövlət İqtisad Universiteti (2023-cü il də daxil olmaqla) qərarlaşıb.
Bu universitet isə Azərbaycandakı universitetlər arasında işlə təmin olunma baxımından ortalama 47,9 təşkil edib.
2018-2023-cü illərdə isə məzunlarının ən az işlə təmin olunduğu universitetlər arasında Naxçıvan Müəllimlər İnstitutu və Odlar Yurdu Universiteti olub.
Naxçıvan Müəllimlər İnstitutunda 2018-2023-ci illərdə 1 159 məzundan 418-i və ya 36,1 faizi (Ali məktəblər arasında ortalama 30,8), Odlar Yurdu Universitetində isə 613 məzundan 379-u və ya 61,8 faizi (Ali məktəblər arasında ortalama 30,5) işlə təmin oluna bilib.
16:03 23.01.2026
Oxunuş sayı: 475