Qrenlandiya: Adanın statusu və ABŞ-nin ona marağı necə formalaşıb
Qrenlandiyanın statusuna yenidən baxılması ideyası bəzən ABŞ prezidenti Donald Trampın şəxsi layihəsi kimi təqdim olunur. Halbuki bu, ilk dəfə ortaya çıxmayıb.
Crossmedia.az məlumat verir ki, ABŞ onilliklər ərzində bu adaya maraq göstərib. “Qazeta” bu marağın necə formalaşdığını izah edir.
Qrenlandiyanın statusunun mümkün dəyişdirilməsi mediada tez-tez ABŞ prezidenti Donald Trampın şəxsi təşəbbüsü kimi qələmə verilir. Lakin Qrenlandiya ətrafındakı mübahisələr və ABŞ-nin adaya marağı uzun tarixə malikdir və Ağ Evin müxtəlif administrasiyaları dövründə dəfələrlə gündəmə gəlib. “Qazeta” ritorikanın və siyasi kontekstin zamanla necə dəyişdiyini izah edir.
Qrenlandiya nə anlama gəlir?
Qrenlandiya dünyanın ən böyük adasıdır. O, Atlantik və Şimal Buzlu okeanları ilə əhatə olunur, geniş tundraları və nəhəng buzlaqları ilə tanınır. Adanın üçdə ikisi Qütb dairəsindən şimalda yerləşir, onun ən şimal nöqtəsi isə Şimal qütbündən 800 km-dən də az məsafədədir.
2025-ci ilin əvvəlinə Qrenlandiyanın əhalisi 56,5 min nəfər təşkil edirdi.
Adanın statusunun formalaşması prosesini uzun tarixi dövrü əhatə edir.
Belə ki, avropalılar gəlməzdən əvvəl Qrenlandiyada tule mədəniyyətinə mənsub inuit xalqları (eskimosların əcdadları) yaşayırdı. Onların ənənəvi həyat tərzi ovçuluq, balıqçılıq və mövsümi köçlərə əsaslanırdı. Arxeoloqların məlumatına görə, inuitlər adaya təxminən XIII əsrdə gəliblər.
Eramızın X əsrində Qrenlandiyanın cənubunda skandinav yaşayış məskənləri yaranıb. Bu məskənlərin əsasını dənizçi Erik Torvaldson (Erik Qırmızı) qoyub. XIII əsrdə ada rəsmi şəkildə Norveç krallığının tərkibinə daxil edilib ki, bu da onun Skandinaviya dünyasına mənsubiyyətini möhkəmləndirib.
Daha sonra Qrenlandiya təxminən 300 il mövcud olmuş Danimarka–Norveç uniyası çərçivəsində idarə olunub. 1814-cü ildə Kil müqaviləsindən sonra uniya dağıldıqda ada Danimarkanın nəzarətində qalıb, Norveç isə İsveçin hakimiyyətinə keçib.
1953-cü ildə Qrenlandiya rəsmi olaraq Danimarkanın tərkibinə daxil edilib və koloniya statusunu itirib. Bu, onun Danimarka Krallığının ayrılmaz hissəsi kimi statusunu möhkəmləndirib. 1979-cu ildə ada məhdud özünüidarə hüququ alıb, 2009-cu ildə isə muxtariyyəti genişləndirilib. Özünüidarə haqqında qanun qrenlandiyalıları ayrıca xalq kimi tanıyıb və beynəlxalq hüquqa uyğun olaraq onların öz müqəddəratını təyinetmə hüququnu təsbit edib.
Qrenlandiya Danimarka Krallığının tərkib hissəsi kimi NATO-nun məsuliyyət zonasına daxildir. Bununla yanaşı, 1985-ci ildə referendumun nəticələrinə əsasən ada Avropa İqtisadi Birliyindən çıxaraq assosiasiyalı ərazi statusu alıb.
Kopenhagenlə Qrenlandiya cəmiyyəti arasındakı münasibətlər daxili münaqişələrlə müşayiət olunub. XX əsrin ikinci yarısında adada məcburi köçürmə və sosial transformasiya proqramları həyata keçirilib.
Xüsusi rezonans doğuran hadisələrdən biri 1960–1970-ci illərdə qrenlandiyalı qadınların gizli şəkildə sterilizasiya olunması qalmaqalı olub. 2022-ci ildə Danimarka hakimiyyəti bu proqramın mövcudluğunu rəsmi şəkildə tanıyıb, üzr istəyib və kompensasiyaların veriləcəyini elan edib.
Adanın ictimai-siyasi həyatında müstəqillik tərəfdarı olan hərəkatlar davamlı şəkildə mövcuddur. 2009-cu il qanunu Qrenlandiyanın Danimarkanın tərkibindən çıxmaq üçün referendum keçirmək hüququnu təsbit edir.
İctimai rəy sorğuları göstərir ki, əhalinin əhəmiyyətli hissəsi uzunmüddətli perspektivdə müstəqillik ideyasını dəstəkləyir, lakin bunun mərhələli şəkildə baş verməsinin tərəfdarıdır.
Bununla yanaşı, Qrenlandiya sakinləri ABŞ-yə birləşməyə qarşı çıxırlar. ABŞ prezidenti Donald Trampın ilin əvvəlindən adanı anneksiya etmək planları barədə ritorikasına cavab olaraq Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bildirib:
“Qrenlandiya ABŞ-yə məxsus olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir”.
“Əgər seçim etməli olsaq, biz ABŞ-ni deyil, Danimarkanı seçəcəyik”, – deyə baş nazir əlavə edib. Tramp isə buna cavab olaraq deyib: “Bu, onların problemidir. Mən onunla razı deyiləm”.
ABŞ-ın Qrenlandiyaya marağı İkinci Dünya müharibəsi dövründə güclənib. 1940-cı ildə Danimarka nasist Almaniyası tərəfindən işğal edildikdən sonra Vaşinqton 1941-ci ildə ABŞ-dakı Danimarka səfiri ilə bağlanan saziş əsasında faktiki olaraq adanın müdafiəsini öz üzərinə götürüb.
1946-cı ildə ABŞ prezidenti Harri Trumenin administrasiyası Danimarkaya Qrenlandiyanı 100 milyon dollar dəyərində qızıl qarşılığında almağı rəsmi şəkildə təklif edib. Kopenhagen bu təklifi rədd edib, lakin danışıqların özü ABŞ-ın adaya strateji marağını açıq şəkildə ortaya qoyub.
Soyuq müharibə dövründə Qrenlandiya ABŞ və NATO-nun müdafiə infrastrukturunun mühüm elementinə çevrilib. Adada erkən xəbərdarlıq sistemində əsas rol oynayan Tule aviabazası (indiki Pituffik) yerləşdirilib.
Soyuq müharibə başa çatdıqdan sonra adanın alınması mövzusu ABŞ-ın ictimai ritorikasından yoxa çıxıb. Rəsmi sənədlərdə və bəyanatlarda diqqət Arktikanın təhlükəsizliyi, strateji sabitlik və NATO çərçivəsində müttəfiqlik öhdəliklərinə yönəlib.
Vəziyyət Donald Trampın ilk prezidentlik dövründə dəyişib. O, 2019-cu ildə ABŞ-ın Qrenlandiyanı almaqda maraqlı olduğunu açıq şəkildə bəyan edib. Bu mövzuya o, 2025-ci ilin əvvəlində – yenidən prezident seçildikdən dərhal sonra qayıdıb.
“Bizə həqiqətən Qrenlandiya lazımdır. O, müdafiəmiz üçün lazımdır”, – deyə Donald Tramp yanvarın əvvəlində bildirib və adanı “Rusiya və Çin gəmiləri ilə əhatə olunmuş” kimi təsvir edib.
Hazırda ABŞ-nin Pituffik bazasında 100-dən çox hərbçi daimi olaraq yerləşdirilib. Danimarka ilə mövcud sazişlərə əsasən ABŞ Qrenlandiyada istənilən sayda qoşun yerləşdirmək hüququna malikdir.
Bundan əvvəl Danimarka kəşfiyyatı ilk dəfə olaraq ABŞ-ni ölkənin təhlükəsizliyi üçün potensial təhdid kimi qeyd edib.
Gazeta.uz saytından tərcümə etdi: Turqut Ansari
15:35 23.01.2026
Oxunuş sayı: 423