Paşinyan səkkiz il əvvəl ona verilən tapşırığı yerinə yetirir: Cənubi Qafqazda əsas plan...
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
"Ermənistanın Aİ-yə inteqrasiyası, hətta şaxələndirmə adı altında olsa belə, ayrı-ayrı xadimlər bunun belə olmadığını nə qədər iddia etsələr də, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq", - o deyib.
Onun sözlərinə görə, Moskva bu cür seçimin nəticələrini maliyyələşdirmək niyyətində deyil.
"Açıq demək istəyirəm - biz nə Ermənistanın Aİ ilə əlaqələrinin genişlənməsini, nə avrostandartlara keçidin yumşaldılmasını, nə də bundan sonra yaranacaq iqtisadi böhrandan çıxışı maliyyələşdirməyəcəyik", - Şoyqu bildirib.
Son illərdə Ermənistanda Nikol Paşinyan hakimiyyətinin Qərblə münasibətləri genişləndirmək istiqamətində atdığı addımlar fonunda əsas sual yenidən aktuallaşır: Ermənistan, həqiqətən, Aİ-yə inteqrasiya edə biləcəkmi və Moskva belə bir siyasi kurs dəyişikliyinə hansı formada reaksiya verə bilər? Ermənistanın gələcək xarici siyasət istiqaməti təkcə ölkədaxili seçim deyil, həm də regiondakı qüvvələr balansına təsir edə biləcək mühüm geosiyasi məsələ kimi qiymətləndirilir.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıalama verib: “Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətə gətirən dairələrin qarşısında əsas məqsəd kimi Rusiyanın Ermənistandakı nüfuzunun zəiflədilməsi və Ermənistanın gələcək siyasi kursunun Qərbə yönləndirilməsi məsələsi qoyulmuşdu. Paşinyan da bu illər ərzində açıq şəkildə həmin siyasəti həyata keçirir. Uzun müddət Ermənistan baş nazirinin fəaliyyəti barədə əsasən Rusiyanın ikinci və üçüncü dərəcəli ictimai-siyasi xadimləri münasibət bildirir, onun siyasətinə qiymət verirdilər. Lakin artıq vəziyyət dəyişib və Kremlin rəsmi dairələri, başda Rusiya prezidenti olmaqla, digər dövlət qurumlarının rəhbərləri də açıq şəkildə Paşinyanın fəaliyyətindən narazılıqlarını ifadə edir və onu Rusiyaya qarşı siyasət aparmaqda ittiham edirlər. Bu yaxınlarda Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında görüş də baş tutub. Həmin görüşdə Rusiya prezidenti açıq şəkildə bəyan etdi ki, iki masada eyni anda oturmaq mümkün deyil. Yəni ya Aİ-yə inteqrasiya edilməlidir, ya da Aİİ-də qalmaq lazımdır. Başqa sözlə, Ermənistan seçim qarşısındadır. İkili oyun aparmaq mümkün deyil. Paşinyan isə bu illər ərzində ikili siyasət yeridib və hazırda da bunu davam etdirmək niyyətindədir. Çünki Paşinyan yaxşı anlayır ki, Rusiya ilə açıq qarşıdurma Ermənistan üçün ciddi nəticələr doğura bilər. Bu gün Ermənistanın Rusiyanın təsir dairəsindən çıxaraq Avropaya tam inteqrasiyası real görünmür. Belə bir radikal addım atılarsa, Ermənistan həm iqtisadi, həm də siyasi təzyiqlərlə üzləşə bilər”.
Politoloq əlavə edib ki, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər genişdir — həm hərbi, həm iqtisadi, həm də siyasi sahədə: “Bu baxımdan Ermənistanda baş verən hadisələr və yaranmış gərginlik də müəyyən mənada buradan qaynaqlanır. Çünki Ermənistanda Qərbyönlü qüvvələrlə Rusiyaya yaxın dairələr arasında ciddi siyasi mübarizə gedir. Söhbət Ermənistanın gələcəkdə hansı geosiyasi qütbün təsiri altında olacağından gedir. Bu baxımdan Rusiya da mövqeyini açıq şəkildə ortaya qoyur. Ermənistan Aİ-yə inteqrasiya edərsə, Rusiyanın təsir dairəsində olan siyasi və iqtisadi platformalardan uzaqlaşmalı olacaq. İstər Aİİ olsun, istər Müstəqil Dövlətlər Birliyi, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). Bu yanaşmaya görə, Aİ-yə inteqrasiya Rusiyadan uzaqlaşmaq deməkdir. Çünki Aİ hazırda Rusiya ilə ciddi geosiyasi qarşıdurma içindədir və Ukrayna istiqamətində tərəflər arasında kəskin rəqabət müşahidə olunur. Əgər Ermənistan Aİ-yə daxil olarsa, artıq Avropa siyasi platformasının ümumi mövqelərinə uyğun davranmalı olacaq — istər Ukraynaya siyasi dəstək məsələsində, istər maliyyə və diplomatik yanaşmalarda. Məhz buna görə də Rusiya açıq şəkildə bildirir ki, iki masada eyni vaxtda oturmaq mümkün deyil. Bugün Ermənistanın Aİ-yə inteqrasiyası realdırmı? Bu yanaşmaya görə, hazırkı mərhələdə bu real görünmür. Amma Paşinyanın siyasəti Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək istiqamətində davam edir”.
Politoloq qeyd edib ki, Ermənistanda müxtəlif strukturlar Qərbyönlü qüvvələrin təsiri altındadır və Rusiyanın ölkədəki mövqeyini zəiflətmək üçün həm ictimai rəyə, həm də dövlət kursuna təsir göstərməyə çalışırlar: “Paşinyan hakimiyyəti KTMT-nin fəaliyyətində passiv iştirak edir, bəzi toplantıları boykot edir və digər regional qurumlara aşağı səviyyəli nümayəndələr göndərilir. Bu da tərəfdarlarının fikrincə, onu göstərir ki, Ermənistanın siyasi kursu tədricən Qərbə yönəlir. Bu yanaşmaya görə, Qərbin məqsədi Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirməkdir. Bu kontekstdə Gürcüstan rəhbərliyinin də müəyyən bəyanatları nümunə göstərilir. Hesab olunur ki, region üzərində geosiyasi rəqabət güclənir və Ermənistan bu rəqabətin əsas platformalarından birinə çevrilir. Paşinyanın fəaliyyəti, istər Zəngəzur dəhlizi məsələsində, istər digər istiqamətlərdə Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən addımlar kimi qiymətləndirilir. Bu yanaşmaya əsasən, 10 noyabr razılaşmasının 9-cu bəndinə görə Zəngəzur istiqamətində nəzarət məsələsində Rusiyanın rolu nəzərdə tutulurdu. Lakin son proseslər fonunda fərqli beynəlxalq aktorların iştirakı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bütün bunlar Rusiyada diqqətlə izlənilir və Paşinyana münasibətdə sərt ritorikanın artması ilə müşayiət olunur. Rusiyadan Ermənistana qarşı aparılan informasiya və siyasi təzyiqlər bəzi ekspertlər tərəfindən Ukrayna ssenarisi ilə müqayisə olunur. Onların fikrincə, 2022-ci ildən əvvəl Ukrayna ilə bağlı da oxşar siyasi bəyanatlar və gərgin ritorika müşahidə olunurdu. Bu yanaşmaya görə, Ermənistan Avropa İttifaqına inteqrasiya edərsə, gələcəkdə NATO ilə münasibətləri də dərinləşdirə bilər. NATO-nun Cənubi Qafqazda mövcudluğunun artması isə Rusiyanın cənub təhlükəsizlik strategiyası baxımından risk kimi qiymətləndirilir. Bu səbəbdən də bu mövqeyə görə, Rusiya Ermənistanın Avropa inteqrasiyasına tam keçidini qəbul etməyəcək. Ermənistanda yaranmış vəziyyətin necə inkişaf edəcəyi isə qarşıdan gələn seçkilərin nəticəsindən sonra daha aydın görünəcək. Bu yanaşmaya görə, Ermənistanda seçkilər təkcə daxili siyasi mübarizə deyil, həm də geosiyasi seçim məsələsinə çevrilib. Rusiya rəsmilərinin Paşinyanın fəaliyyətindən narazılığı artıq açıq bəyanatlarda da görünür və Ermənistanın Avropa inteqrasiyası istiqamətində atdığı addımlar Moskva tərəfindən diqqətlə izlənilir”.
Ayhan
09:54 05.06.2026
Oxunuş sayı: 51