Belçikada soydaşlarımızın həmrəylik sevinci
Belçikada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbir Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evi, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyası və RadiOcto internet radiosunun birgə təşkilatçılığı ilə baş tutub.
Brüssel Azərbaycan Evində keçirilən tədbirdə Belçikanın müxtəlif şəhərlərindən 50-ə yaxın azərbaycanlı uşaq və onların valideynləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Səfirliyin birinci katibi Emin Rüstəmov xaricdə icma quruculuğunun və diaspor fəaliyyətinin əhəmiyyətindən danışıb, Belçikadakı tədbirlərin Azərbaycan icmasının güclənməsindəki rolunu vurğulayıb.
BUTAM Assosiasiyasının sədri Yasəmən Abbasi tədbirin mahiyyətindən söz açaraq icmanı ölkəmizlə bağlı layihələrdə fəal olmağa çağırıb.
RadiOcto internet radiosunun rəhbəri Rüfət Abasov isə çıxışında radionun fəaliyyəti haqqında məlumat verib. Belçikadakı Azərbaycan icmasının birləşməsində və güclənməsində həyata keçirilən layihələrin rolundan bəhs edib. Daha sonra radionun müxtəlif dillərdə yayımlanmış verilişlərinin aparıcılarına təşəkkürnamə təqdim edilib.
Tədbirin bədii hissəsində uşaqlar Azərbaycan dilində şeirlər, mahnılar səsləndirib, milli rəqslərimizi ifa ediblər.
Şaxta babanın və Azərbaycan xalq nağıllarının qəhrəmanlarının iştirakı tədbirə xüsusi rəng qatıb. Şaxta babanın uşaqlara hədiyyələri azyaşlılar arasında coşqu ilə qarşılanıb.
Qeyd edək ki, bu cür tədbirlər dünyada yaşayan soydaşlarımız arasında həmrəylik ənənələrinin, milli-mənəvi dəyərlərin yaşadılması, azərbaycanlıların şəbəkələşməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
17:10 06.01.2026
Oxunuş sayı: 2735