ARAŞDIRMA BAŞLADI: Qazaxda kollec direktoru müəssisənin əmlakını mənimsəyib
Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama zamanı Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb. Belə ki, direktor Elşad Quliyev müəssisənin komputerlərini mənimsəyib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Baş verənlərlə bağlı Crossmedia.az-a təhsil eksperti Rizvan Fikrətoğlu açıqlama verib: “Qazax Dövlət Sosial-İqtisadi Kollecində dövlətə məxsus əmlakın şəxsi məqsədlə istifadəsi halları müşahidə olunur. Bu vəziyyət həm hüquqi, həm də təhsil keyfiyyətinə ciddi təsir göstərə bilər”
Ekspert qeyd edib ki, əgər belə hallar sübuta yetirilərsə, məsul şəxslər cinayət və ya inzibati məsuliyyət daşıya, vəzifədən azad oluna və ya maddi ziyan ödəməyə məcbur ola bilərlər: “Bu həm də təhsil müəssisəsinin texniki çatışmazlığına, tələbələrin və müəllimlərin istifadəsi üçün nəzərdə tutulan resursların məhdudlaşmasına gətirib çıxarır. Nəticədə təhsilin keyfiyyəti aşağı düşə, kollec nüfuzuna zərər dəyə bilər”.
O vurğulayıb ki, direktorun bu qanunazidd əməli nəticəsində kollecə, regionda təhsilə ictimai etimadın azalması mümkündür: “Region əhalisi dövlət təhsil müəssisələrinə olan inamını itirə bilər və rəhbər şəxslərə qarşı şübhə formalaşa bilər. Bu, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi kimi ciddi problem yaradır”.
Ekspertin bildirib ki, dövlət əmlakı müntəzəm və şəffaf yoxlanılmalı, planlı və qəfil inventar yoxlamaları aparılmalı, texniki vasitələrin istifadəsi sənədləşdirilməli və elektron bazada qeydiyyata alınmalı, direktor və müavinlər fərdi məsuliyyət daşımalıdır. O hesab edir ki, jurnalist araşdırmaları və valideyn ictimai şuraları aktiv olmalı, şikayət mexanizmləri əlçatan olmalıdır.
Ekspert bildirib ki, qanun qarşısında cavabdehlik prinsipi qorunmalı və oxşar halların təkrarlanmaması üçün nəzarət gücləndirilməlidir. Bu, həm təhsilin keyfiyyəti, həm də cəmiyyətin dövlət qurumlarına etimadı üçün vacibdir.
Mehriban İbrahimli
10:33 24.12.2025
Oxunuş sayı: 4093