Beynəlxalq jurnalda Gürcüstanda Azərbaycan dilinin tədrisinə dair məqalə dərc olunub
Gürcüstanda yaşayan soydaşımız Aygül İsayevanın “Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı məqaləsi Creative Education (Yaradıcı Təhsil) adlı beynəlxalq elmi jurnalda dərc olunub.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Müəllifin sözlərinə görə, bu araşdırma Gürcüstan azərbaycanlılarının ana dilinin qorunması və inkişaf etdirilməsi baxımından mühüm elmi töhfələrdən hesab olunur.
“Gürcüstan azərbaycanlılarının ana dili məsələsi ilə bağlı elmi araşdırmaların məhdudluğunu nəzərə alsaq, bu mövzuda tədqiqat aparmaq böyük məsuliyyət tələb edirdi. Hazırkı məqalə bu istiqamətdə ilk fundamental araşdırmalardan biri kimi qiymətləndirilir. Ana dilimizin məişət dili səviyyəsinə enməsinin qarşısını almaq üçün belə elmi işlərə ciddi ehtiyac var. Əminəm ki, mövcud problemlərin həllində ən təsirli yol məhz elmi yanaşmadır,” – deyə Aygül İsayeva bildirib.
Məqalədə mövcud problemlərin həlli ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürülür. Tədqiqat nəticələrinin isə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi və təhsil siyasəti ilə məşğul olan digər qurumlar üçün etibarlı mənbə hesab edilir.
Məlumat üçün qeyd edək ki, sözügedən elmi məqalə Aygül İsayevanın ADA Universitetində müdafiə etdiyi dissertasiya işinə əsaslanır.
15:25 19.12.2025
Oxunuş sayı: 1122