Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda yazıçının Azərbaycan ədəbiyyatındakı yeri, yaradıcılıq irsi və yeni nəsr ədəbiyyatına verdiyi töhfələr müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun Azərbaycanda yeni nəsr ədəbiyyatının öncül simalarından biri olduğunu bildirib.
O vurğulayıb ki, yazıçının az sayda olsa da, dərin məzmunlu hekayələri Azərbaycan hekayə janrının nadir nümunələri sırasındadır.
Akademik çıxışında Yusif Səmədoğlunun yaradıcılığının həm yeni nəsr, həm də klassik ədəbiyyat kontekstində mühüm əhəmiyyət daşıdığını qeyd edib. İsa Həbibbəyli yazıçının əsərlərinin xalqımızın mədəni irsində xüsusi yer tutduğunu, onun yaradıcılığının dövlət tərəfindən yüksək qiymətləndirildiyini və ailəsinə daim hörmət göstərildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən xalq yazıçısı Anar Rzayev Yusif Səmədoğlunu 60-cı illər ədəbiyyat nəslinin ən parlaq nümayəndələrindən biri kimi səciyyələndirib. Anarın sözlərinə görə, yazıçının roman və hekayələri Azərbaycan nəsrində mühüm mərhələ təşkil edir və bu əsərlər təkcə bir dövrü deyil, bütövlükdə ədəbiyyatımızın inkişaf yolunu əks etdirir.
Xalq yazıçısı çıxışı zamanı Yusif Səmədoğlu ilə bağlı öz xatirələrini də bölüşüb, yazıçının yaradıcılıq prosesi və ədəbiyyata yanaşmasının özünəməxsusluğunu vurğulayıb. O qeyd edib ki, bəzi əsərləri tamamlanmamış qalsa da, həmin mətnlər belə Azərbaycan ədəbiyyatı üçün böyük bədii və fəlsəfi dəyər daşıyır.
Tədbir çərçivəsində Yusif Səmədoğlunun yaradıcılığına həsr olunmuş elmi məruzələr təqdim olunub. İntiqam Qasımzadənin "Yusif Səmədoğlu şəxsiyyəti xatirələr işığında", Vaqif Yusiflinin "Qətl günü"ndən əvvəl – hekayələri", Nərgiz Cabbarlının "Azərbaycan romanının təkamül prosesində "Qətl günü" əsərinin rolu", Aygün Bağırlının "Gündəliklərdən görünən Yusif Səmədoğlu", Südabə Ağabalayevanın "Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində" mövzularında çıxışları dinlənilib.
Konfransda vurğulanıb ki, Yusif Səmədoğlunun yaradıcılığı bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün ədəbi düşüncə və estetik dəyərlər baxımından mühüm mənbədir.
Nigar Yahyazadə
16:12 18.12.2025
Oxunuş sayı: 943