Rusiya niyə danışıqlara maraq göstərir?- Səbəb açıqlandı
Son illərdə Ukrayna ətrafında cərəyan edən hadisələr müasir beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verdiyini açıq şəkildə göstərir. Bu müharibə yalnız iki ölkə arasında hərbi qarşıdurma olmaqdan çıxaraq, qlobal güclərin real imkanlarını, strateji səbrini və uzunmüddətli münaqişələrə davam gətirmə potensialını üzə çıxaran bir lakmus kağızına çevrilib. Müasir dövrdə müharibələrin taleyini artıq təkcə silahların sayı deyil, iqtisadi dayanıqlıq, texnoloji üstünlük, insan resurslarının idarə olunması və beynəlxalq siyasi təzyiqlərə qarşı müqavimət qabiliyyəti müəyyən edir. Rusiya-Ukrayna müharibəsi də bu baxımdan klassik hərbi güc anlayışının nə dərəcədə dəyişdiyini nümayiş etdirir. Uzun illər böyük hərbi-siyasi güc kimi təqdim olunan Rusiya faktiki olaraq uzunmüddətli və resurs tələb edən bir münaqişədə istədiyi sürətli nəticəni əldə edə bilmədi. Bu vəziyyət həm Rusiyanın real potensialına yenidən baxılmasını zəruri edir, həm də qlobal miqyasda güc balansının necə formalaşdığını anlamaq üçün yeni suallar ortaya çıxarır.
Məhz bu kontekstdə Rusiyanın hərbi, iqtisadi və texnoloji imkanlarının obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Nə həddindən artıq pessimist yanaşma, nə də şişirdilmiş güc təsəvvürü reallığı tam əks etdirir. Əksinə, mövcud proseslər göstərir ki, böyük dövlət olmaq avtomatik olaraq istənilən siyasi və hərbi məqsədi reallaşdırmaq üçün yetərli deyil və müasir dünyada güc anlayışı əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli məzmun kəsb edir.
Hərbi ekspert Emin Həsənli məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Son üç ildən artıq davam edən müharibə açıq şəkildə göstərdi ki, Rusiyanın bu münaqişədə qısa müddətdə həlledici nəticə əldə etməsi mümkün deyil. Rusiya müharibənin əvvəlində Kiyevi bir neçə günə ələ keçirəcəyini bəyan edirdi. Halbuki tarixə nəzər salsaq görərik ki, İkinci Dünya müharibəsi dövründə – Rusiyanın “Böyük Vətən müharibəsi” adlandırdığı mərhələdə Sovet İttifaqı son dərəcə genişmiqyaslı hərbi əməliyyatlar aparmış, öz ərazilərini qorumaqla yanaşı, Avropanın böyük bir hissəsini nəzarət altına alaraq Berlinə qədər irəliləmişdi. Bu gün isə tamamilə fərqli mənzərə müşahidə olunur. Əgər Rusiya bu səviyyədə hərbi və siyasi gücə malik olsaydı, artıq istədiyi nəticəni əldə etmiş olardı və danışıqlara ehtiyac qalmazdı. Mövcud vəziyyət göstərir ki, belə bir potensial yoxdur".

E.Həsənli qeyd edib ki, məsələyə real yanaşmaq lazımdır: "Rusiyanın gücünü nə həddindən artıq şişirtmək, nə də tamamilə kiçiltmək doğrudur. Bəziləri Rusiyanın yaxın zamanda çökəcəyini iddia edir, digərləri isə onun imkanlarını olduğundan artıq göstərir. Hər iki yanaşma yanlışdır. Rusiyanın maliyyə potensialı, iqtisadi davamlılığı, hərbi gücü və texnoloji imkanları obyektiv şəkildə qiymətləndirilməlidir. Bu qiymətləndirmə fonunda aydın görünür ki, Rusiya xüsusilə qabaqcıl texnologiyalar sahəsində Qərb dövlətlərindən ciddi şəkildə geri qalır. Məhz bu səbəbdən Kreml rəhbəri Vladimir Putinin bəyan etdiyi məqsədləri tam şəkildə reallaşdırmaq imkanına malik olduğunu demək çətindir. Əgər belə bir güc olsaydı, Moskva nə danışıqlara gedər, nə də kompromis axtarardı. Putin dəfələrlə Rusiyanın sərhədlərinin olmadığını, tarixi baxımdan müxtəlif əraziləri “Rusiya torpaqları” hesab etdiyini bildirib. Lakin reallıq ondan ibarətdir ki, bu iddiaları həyata keçirmək üçün yetərli resurs və imkan yoxdur. Əgər bu imkanlar mövcud olsaydı, Rusiya həmin əraziləri artıq nəzarət altına alardı. Xüsusilə Ukrayna müharibəsindən sonra Kremlin də bu reallığı dərk etdiyi görünür".
Ekspert son olaraq bildirib ki, məhz buna görə də Rusiya danışıqlara maraq göstərir və qısa müddətdə mövcud iqtisadi vəziyyətdən çıxmağa çalışır: "Hazırda müxtəlif ölkələrdən, o cümlədən Şimali Koreyadan və digər regionlardan döyüşçülərin cəlb edilməsi, eləcə də miqrantların və qeyri-rus əhalinin müharibəyə yönləndirilməsi Rusiyanın ciddi kadr və resurs problemləri ilə üzləşdiyini göstərir. Hələlik insan itkisi Rusiyanı maddi itkilər qədər narahat etməsə də, bu vəziyyət uzun müddət davam edə bilməz. Rusiyanın iqtisadi durumu zəifləyir və istənilən halda, nə qədər böyük dövlət olursa-olsun, resurslar sonsuz deyil".
Ayhan
13:23 18.12.2025
Oxunuş sayı: 1342