Deputatla müsahibə: Ermənistandan gələ biləcək təhdidlər...
Son illərdə baş verən geosiyasi proseslər Cənubi Qafqazı qlobal diqqət mərkəzinə çevirib və regionda formalaşan yeni reallıqlar artıq geri dönməz xarakter alıb. Xüsusilə 2025-ci il Azərbaycan–Ermənistan münasibətləri baxımından yalnız növbəti diplomatik mərhələ deyil, uzunmüddətli qarşıdurmadan davamlı sülhə keçidin həlledici ili kimi qiymətləndirilir. Bu proses region dövlətlərinin gələcək inkişaf trayektoriyasını, təhlükəsizlik arxitekturasını və beynəlxalq əməkdaşlıq imkanlarını birbaşa müəyyənləşdirir. Müharibədən sonrakı dövrdə sülh gündəliyinin institusional çərçivəyə salınması istiqamətində atılan addımlar artıq konkret nəticələrlə müşayiət olunur. Sülh razılaşmasının layihə sənədinin paraflanması, uzun illər münaqişə prosesinin formal simvoluna çevrilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması və tərəflər arasında hüquqi əsaslara söykənən münasibətlərin qurulması cəhdləri regionda yeni siyasi düzənin formalaşdığını göstərir. Bu yeni mərhələdə əsas hədəf təkcə münaqişənin hüquqi baxımdan başa çatdırılması deyil, eyni zamanda gələcəkdə oxşar qarşıdurmaların qarşısını ala biləcək etibarlı mexanizmlərin yaradılmasıdır. Azərbaycan tərəfi üçün sülhün davamlılığı prinsipial məsələ olaraq qalır və bu, yalnız imzalanacaq sənədlərlə deyil, həm də tərəflərin üzərinə götürdüyü öhdəliklərin real icrası ilə ölçülür. Məhz bu baxımdan Ermənistanın daxili hüquqi bazasının, xüsusilə Konstitusiyasının paraflanmış sülh razılaşmasının ruhu və müddəaları ilə uyğunlaşdırılması məsələsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “The Holland Times”a müsahibəsində səsləndirdiyi fikirlər bu mürəkkəb və çoxşaxəli prosesin mahiyyətini aydın şəkildə ifadə edir. Onun açıqlamaları sülh danışıqlarının hansı mərhələdə olduğunu, qarşıda duran əsas maneələri və region üçün formalaşan yeni perspektivləri dolğun şəkildə əks etdirir.
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-ın suallarını cavablandırıb:
— 2025-ci ilin Azərbaycan–Ermənistan münasibətləri və bütövlükdə Cənubi Qafqaz üçün “tarixi mərhələ” kimi qiymətləndirilməsi hansı konkret siyasi və geosiyasi dəyişikliklərlə izah olunur?
— Azərbaycanın düşünülmüş siyasəti həm milli maraqlarına, həm də regionun ümumi maraqlarına xidmət etmiş, Dağlıq Qarabağ probleminin birdəfəlik həllinə və Cənubi Qafqazda yeni siyasi konturun formalaşmasına səbəb olmuşdur. Bu yeni siyasi kontur yalnız Azərbaycan üçün deyil, digər iki ölkə, xüsusilə Ermənistan üçün də maraqlıdır. Son dövrlərdə Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atır. İstərdik ki, bu proses ardıcıl və səmimi olsun. Ən önəmlisi isə odur ki, Ermənistan gələcək konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını birdəfəlik aradan qaldırsın. Bu, sülh müqaviləsinin imzalanmasına və iki dövlət arasında normal münasibətlərin qurulmasına imkan verə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın əsasını qoymuşdur. Yeni siyasi reallıqlar bölgəni sülh, əmin-amanlıq və əməkdaşlıq məkanına çevirəcək.
— ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması regionda münaqişələrin tənzimlənməsi mexanizmlərinə və beynəlxalq vasitəçilik formatlarına necə təsir göstərəcək?
— İkitərəfli münasibətlər həm hər iki ölkənin, həm də Cənubi Qafqazın, ümumilikdə dünyanın maraqlarına xidmət edir. Azərbaycan xoşməramlı niyyətini göstərərək Ermənistana gedən yanacaqla dolu qatarın öz ərazisindən keçməsinə imkan verdi. Bu, Ermənistana çox sərfəli başa gəlir. Sülh müqaviləsi imzalanarsa və sərhədlər açılarsa, Ermənistan digər ölkələrdən aldığı məhsulları Azərbaycan vasitəsilə daha aşağı qiymətə əldə edə bilər. Bu da iqtisadiyyatının dirçəlməsinə səbəb olacaq. Ermənistan cəmiyyəti Azərbaycanla müharibədənsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək əməkdaşlıq variantının daha sərfəli olduğunu görməlidir.
— Bəs Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nə vəd edir?
— Zəngəzur dəhlizinin açılması Ermənistanda on minlərlə yeni iş yerinin yaradılmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycan Ermənistanla iqtisadi əlaqələri gücləndirə bilər. Azərbaycanın imkanları kifayət qədər genişdir, Ermənistan isə xaricdən siyasi dəstək almasına baxmayaraq, əsaslı investisiyaları cəlb edə bilmir. Əlbəttə, etibarlılıq və təhlükəsizlik ciddi zəmanət altında olarsa, Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır.
— Ermənistan Konstitusiyasının paraflanmış sülh sazişinə uyğunlaşdırılması prosesi sülh müqaviləsinin imzalanması yolunda hansı əsas maneələri aradan qaldıra və ya yeni çağırışlar yarada bilər?
— Artıq Ermənistanda da konstitusiyanın dəyişdirilməsinin zəruriliyi qismən etiraf edilir. Düzdür, onlar hələ Azərbaycanın ərazi iddialarını konstitusiyadan çıxaracaqlarına rəsmi öhdəlik götürmürlər, amma bu, qaçılmazdır. Əks halda, Azərbaycan sülh müqaviləsini imzalamayacaq və Ermənistan öz yaratdığı blokadada qalıb iqtisadi çətinliklərlə üzləşəcək. Bu halda itirən tərəf Ermənistan olacaq. Buna görə də konstitusiyadakı müddəaların dəyişdirilməsi Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanın daxili məsələlərində atacağı addımlar isə onun öz işidir. Azərbaycan üçün əsas maraq gələcəkdə Ermənistandan gələ biləcək təhdidlərin qarşısının alınmasıdır. Konstitusiya dəyişdirilərsə və diplomatik əlaqələr qurularsa, əməkdaşlıq bütün sahələrdə genişlənə bilər: ticarət, iqtisadi, humanitar sahələr, Azərbaycan məhsullarının Ermənistan bazarına çıxışı, həmçinin sərfəli qiymətə qaz və yanacağın alınması. Bu, Ermənistan üçün böyük iqtisadi fayda gətirəcək. Bütün vətənpərvərlik şüarlarına baxmayaraq, Ermənistan əhalisi ölkənin perspektivsizliyi və iş yerlərinin çatışmazlığı səbəbindən imkan düşən kimi köç etməyə çalışır. Ermənistan real iqtisadiyyat qurulmadan və kənar maliyyə yardımlarına bel bağlayaraq uzunmüddətli inkişaf əldə edə bilməyəcək. Bu baxımdan, konstitusiya dəyişiklikləri Ermənistan üçün tarixi əhəmiyyət daşıyan bir seçim olmalıdır.
— Gözlənilən sülh müqaviləsi yalnız ikitərəfli münasibətləri deyil, Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq mühitini formalaşdırmaq baxımından hansı imkanları açır?
— Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşması yalnız bu iki ölkə üçün deyil, həm də dünya üçün önəmli bir addımdır. Təsadüfi deyil ki, ABŞ prezidenti bu məsələni gündəmə gətirmişdir. Hər iki ölkə buna razılıq göstərib. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın bu hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etmir, həm də Çin, Şərq və Mərkəzi Asiyadan gələn yüklərin Ermənistan və Naxçıvan vasitəsilə dünya bazarına çıxmasına imkan yaradır. Bu, Ermənistanın düzgün siyasi qərarlar qəbul etməsi və iqtisadi dirçəlməsini təmin etməsi baxımından da vacibdir. Bu fürsətdən yararlanmaq artıq Ermənistanın seçimidir.
11:07 18.12.2025
Oxunuş sayı: 2838