Marneulidə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) müasir Azərbaycanın qurucusu, dünya miqyaslı siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GAİM-in icraçı direktoru Murad Muradov Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, onun xalqının tərəqqisi, dövlətçiliyin möhkəmlənməsi və milli kimliyin qorunması naminə gördüyü nəhəng işlərdən bəhs edib. Ulu Öndərin daim xaricdə yaşayan soydaşların birliyini, təhsilini, inkişafını diqqətdə saxladığını, onların milli kimliyini qoruyaraq cəmiyyətlərdə fəal mövqe tutmalarına xüsusi önəm verdiyini bildirib. GAİM-in əsas missiyasının məhz gəncləri maariflənmək, milli-mənəvi dəyərlərimizi tanıtmaq və böyük şəxsiyyətlərimizin həyat yolu ilə gənc nəsilləri tanış etmək olduğunu deyib.
Tədbirin davamında Ümummilli Lider Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və Azərbaycan üçün gördüyü tarixi işləri əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.
23:37 16.12.2025
Oxunuş sayı: 1052