BDU nümayəndə heyəti Anhui Universitetində süni intellekt imkanları ilə tanış olub
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui əyalətinə işgüzar səfəri çərçivəsində Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası Məktəbində və Süni İntellekt Məktəbində olub.
Crossmedia.az-ın ziyarətin məqsədi hər iki universitet arasında adıçəkilən sahələrdə əməkdaşlıq perspektivlərini, elmi-tədqiqat və texnoloji layihələrdə birgə iştirak imkanlarını müzakirə etmək olub.
Kompüter Elmi və Texnologiyası Məktəbi kompüter elmləri və texnologiyaları üzrə bakalavriat, magistratura və doktorantura proqramları təklif edir. Məktəbin təcrübəli müəllim heyəti təhsilalanlara yüksəksəviyyəli nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar qazandırmaq üçün geniş laboratoriya və tədqiqat imkanları təqdim edir. Proqramlaşdırma, şəbəkələr, informasiya texnologiyaları və digər müasir istiqamətləri əhatə edən tədris proqramları təhsilalanların proqram təminatı, informasiya sistemləri və digər sahələrdə peşəkar ixtisaslaşmasını təmin edir.
Süni İntellekt Məktəbi süni intellekt, data elmləri, “big data” texnologiyaları və informasiya mühəndisliyi sahələrində qabaqcıl təhsil və tədqiqat imkanları təqdim edir. Məktəbdə bakalavriat və magistratura proqramları ilə yanaşı, müxtəlif tədqiqat layihələri də həyata keçirilir. Burada 130 nəfərdən çox müəllim heyəti fəaliyyət göstərir, onların arasında çoxsaylı professor və səriştəli tədqiqatçılar var. Məktəbin tədqiqat fəaliyyəti yüksəksəviyyəli elmi layihələri, nüfuzlu jurnallarda dərc olunmuş məqalələri və bir sıra akademik nailiyyətləri əhatə edir. Süni intellekt təhsili multidisiplinar yanaşma ilə bütün təhsilalanlar üçün əlçatan olmaqla, onların geniş bacarıqlarının inkişafına şərait yaradır.
Nümayəndə heyəti səfər zamanı birgə bakalavriat və magistratura proqramlarının yaradılması, müəllim və tədqiqatçı mübadiləsi, həmçinin ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə edib.
15:35 16.12.2025
Oxunuş sayı: 969