Azərbaycan–Özbəkistan mədəni-humanitar əməkdaşlığı strateji tərəfdaşlıq zəminində möhkəmlənir- Deputat
Azərbaycanla Özbəkistan arasında tarixi köklərə, ortaq mədəni irsə və qarşılıqlı hörmətə əsaslanan münasibətlər son illərdə mədəni-humanitar sahədə daha da möhkəmlənir. Bu əməkdaşlığın bariz nümunələrindən biri də Özbəkistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsidir. Dekabrın 14–20-də təşkil olunan tədbirlər iki qardaş xalq arasında mədəni dialoqun genişlənməsinə, incəsənət sahəsində qarşılıqlı təcrübə mübadiləsinə və dostluq əlaqələrinin dərinləşməsinə xidmət edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Özbəkistan–Azərbaycan Birgə Mədəniyyət Komissiyasının ilk iclası iki qardaş ölkə arasında mədəni-humanitar əməkdaşlığın institusional və sistemli mərhələyə keçdiyini göstərən mühüm hadisədir.
Onun fikrincə, bu platforma mədəniyyət sahəsində qarşılıqlı təşəbbüslərin yalnız ideya səviyyəsində deyil, konkret proqramlar və uzunmüddətli layihələr çərçivəsində həyata keçirilməsinə imkan yaradacaq: "Bu prosesin təməlində Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü mədəni diplomatiya siyasəti dayanır. Dövlət başçısının təşəbbüsü ilə türk dünyası ölkələri arasında mədəni-humanitar əməkdaşlıq strateji prioritetə çevrilmiş, Azərbaycan bu istiqamətdə fəal təşəbbüskar və etibarlı tərəfdaş kimi çıxış etmişdir. Komissiyanın fəaliyyəti ortaq tarixi yaddaşın, dilin, ədəbiyyatın, musiqi və incəsənət ənənələrinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Birgə sərgilər, festivallar, yaradıcılıq mübadilələri, mədəni irsin öyrənilməsi və beynəlxalq platformalarda ortaq təqdimatlar iki ölkənin mədəni potensialının daha geniş coğrafiyada tanıdılmasına xidmət edəcək.
Deputat vurğulayıb ki, iclas türk dünyası daxilində mədəni inteqrasiyanın gücləndirilməsi baxımından da əhəmiyyətlidir: “Azərbaycan və Özbəkistanın mədəniyyət sahəsində birgə addımları yalnız ikitərəfli əməkdaşlıq deyil, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsi və beynəlxalq mədəni dialoqda daha güclü təmsil olunması üçün möhkəm zəmin yaradır”.
Mehriban Yariyeva
13:25 16.12.2025
Oxunuş sayı: 8646