Nyu Yorkda Dünya Türk Dilləri Ailəsi Günü qeyd olunub
ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Türk Evində 15 dekabr - Dünya Türk Dilləri Ailəsi Günü münasibətilə “Dil mədəni kimliyi daşıyır” adlı tədbir keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan Respublikalarının BMT yanında daimi nümayəndələri, Şimali Kipr Türk Respublikasının təmsilçisi, eləcə də müxtəlif universitetlərin və elmi mərkəzlərin alimləri iştirak ediblər.
Çıxışçılar türkdilli ölkələrin mədəni əməkdaşlığına, türk xalqlarının ortaq mənəvi köklərinə, tarixi dəyərlərinə diqqət çəkiblər. Türkdilli xalqların nəsillər və sərhədlər aşan birləşdirici gücünü, zənginliyini, çoxşaxəli ifadə imkanlarını xüsusi vurğulayıblar.
Tədbirdə Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdləri Yavər Paşayeva və Anastasiya Lepin Azərbaycanın xalq rəqsi olan “Nəlbəki”ni ifa ediblər. Gənc rəqqasların zərif hərəkətləri və səhnə mədəniyyəti izləyicilərin zövqünü oxşayıb. Mərkəzin şagirdləri uğurlu çıxışlarına görə sertifikatlarla qiymətləndirilib.
Qeyd edək ki, Dünya Türk Dilləri Ailəsi Günü Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü Baş Konfransında elan edilib.


16:12 15.12.2025
Oxunuş sayı: 1038