Şərqi Avropadakı müharibədə məqsəd Rusiyanı məğlub etmək deyildi- Sirlər açılır...
Rusiya ilə Ukrayna arasındakı müharibə artıq illərdir ki, Avropanın və qlobal siyasətin əsas gündəm mövzusudur. Bu münaqişənin yekunu yalnız hərbi uğur və ya itkilərlə ölçülmür. Həm də geosiyasi balans, regional təhlükəsizlik və beynəlxalq hüququn aliliyi baxımından böyük əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə müharibənin nəticələrini müəyyən etmək üçün bir sıra faktorlara diqqət yetirmək zəruridir: Rusiya tərəfinin mövqeyi, Ukraynanın ABŞ və Avropa ölkələri ilə strateji əməkdaşlığı, eləcə də Ukraynanın daxili siyasi prosesləri, xüsusilə də yaxın gələcəkdə keçirilməsi planlaşdırılan prezident seçkiləri.
ABŞ və digər Qərb ölkələrinin bu prosesdə tutduğu mövqe Ukrayna üçün həm də diplomatik təzyiq amilidir. Ukrayna rəhbərliyi müharibə şəraitində hər hansı bir razılaşmaya getməzdən əvvəl həm beynəlxalq dəstəyi, həm də daxili siyasi legitimliyi nəzərə almalıdır. Bu baxımdan, ABŞ-nin şərtləri ilə bağlı Ukraynanın mövqeyi yalnız sülh danışıqlarına təsir etmir, eyni zamanda gələcək seçkilərin formatı, keçiriləcəyi ərazi və iştirakçıların siyasət strategiyasını da müəyyənləşdirir.
Ölkədə prezident seçkilərinin keçirilməsi müharibənin davam etdiyi şəraitdə ciddi çağırışlar yaradır. Hərbi zonada səsvermənin təşkili, seçki iştirakçılarının təhlükəsizliyi, qanunvericilik çərçivəsində legitimlik məsələləri Ukraynanın qarşısında duran kritik məsələlərdir. Bu vəziyyət həm də Rusiyanın əldə saxladığı ərazilərlə bağlı mövqeyi ilə sıx bağlıdır; çünki hər hansı bir bəndin, məsələn, ərazilərin geri verilməsi ilə bağlı razılaşmanın qəbul edilməsi Ukrayna üçün siyasi və strateji baxımdan qəbulolunmaz ola bilər.
Hərbi ekspert Şair Ramaldanov isə Crossmedia.az-a açıqlamasında deyib ki, savaşın başa çatmasına daur müəyyən siqnallar görünür: "Təbii ki, bütün müharibələr sülhlə bitir. Görünən odur ki, bu münaqişə də danışıqlar masasında həll olunmağa doğru gedir. Müharibənin başlanğıcında və indiki mərhələsində proseslərə əsasən ABŞ rəhbərlik edib. ABŞ-nin siyasi, hərbi və maliyyə dəstəyi olmasaydı, münaqişə bu səviyyəyə qədər uzanmazdı. Bunu bütün tərəflər anlayır. Əslində, münaqişənin əsas məqsədi Rusiyanı tam şəkildə məğlub etmək deyildi. Daha çox Avropanın iqtisadi müstəqilləşməsi, öz ordusu barədə müzakirələr aparması və enerji təhlükəsizliyi kimi məsələlərin sürətini azaltmaq üçün geosiyasi balans yaradılırdı. Bu prosesdə Rusiya da oyunçu idi. ABŞ enerjidə Avropanın Rusiyadan asılılığını kəsməyə nail oldu. Beləliklə, Avropa ABŞ və onun tərəfdaşlarından enerji almağa məcbur qaldı. Hərbi baxımdan Avropa zəiflədi və indi ABŞ Avropaya geniş həcmdə silah satır. Yəni Ukrayna bu qlobal qarşıdurmada sadəcə coğrafi poligon rolunu oynadı. Hazırda ABŞ öz əsas məqsədlərinin əksəriyyətinə çatdığı üçün Vaşinqton Rusiyayla münasibətlərin tədricən normallaşmasında maraqlıdır. ABŞ artıq bu müharibəni davam etdirməyin özünə sərf etmədiyini anlayır. Eyni zamanda Ağ Ev rəhbəri Donald Trampın “sülhsevər lider” obrazı ilə proseslərə daxil olmaq istəyi də diqqətdən kənarda deyil".

Ekspert, həmçinin qeyd edib ki, bu şəraitdə Ukraynanın mövqeləri zəifləyib: “ABŞ-nin ortaya qoyacağı şərtlər hələ tam açıqlanmasa da, artıq formalaşan kontur Ukrayna üçün faktiki olaraq kapitulyasiya aktına bərabər görünür. Bu şərtlər Rusiyanın tələblərinə bənzəsə də, onları masaya gətirən Rusiya yox, ABŞ-dir Ukrayna isə ABŞ olmadan nə müharibəni davam etdirə, nə də Rusiyanın genişlənən hücumlarının qarşısını ala bilər. Avropanın bu proseslərə təsiri minimaldır. Avropa daha çox ABŞ vasitəsilə təhlükəsizliyini təmin etmək istəyir, amma real güc yenə Vaşinqtondadır. Buna görə də Ukraynanın başqa çıxış yolu görünmür. ABŞ-nin təklif etdiyi təhlükəsizlik zəmanəti və bərpa paketi Ukrayna üçün ən real alternativ sayılır. Əgər Prezident Volodimir Zelenski administrasiyası bu şərtlərə qarşı praktiki addım atmasa, prosesin Zelenskisiz davam etdirilməsi ehtimalı da artır".
Ş.Ramaldanovun fikrincə, son aylarda genişmiqyaslı korrupsiya iddialarının gündəmə gəlməsi də Zelenskinin üzərində təzyiqləri artırır: "Bu iddiaların məhz indi ortaya çıxması təsadüfi deyil. Ukrayna cəbhəsində vəziyyət getdikcə ağırlaşır: itkilər artır, qışın gəlişi ilə humanitar və sosial durum daha da çətinləşir, hələ dağıdılmamış şəhər və kəndlərin infrastrukturu sürətlə məhv edilir. Ukraynanın nə Avropanı, nə də Rusiyanı durduracaq müstəqil gücü qalıb. Buna görə də ABŞ-nin təhlükəsizlik zəmanəti altında danışıqlara getmək Ukraynanın xeyrinədir. 2022-ci ildə İstanbulda danışıqlar masasında daha yumşaq şərtlər təklif olunmuşdu və Rusiya xəbərdarlıq etmişdi ki, bu şərtlər qəbul edilməsə, növbəti mərhələlər daha ağır olacaq. Elə də oldu. Üç il sonra Ukrayna daha sərt və ağır şərtlərlə üz-üzə qalıb. Əgər bu proses daha da geciksə, Ukraynanı daha acı nəticələr gözləyə bilər. Zelenski də seçkilər keçirilsə, hakimiyyətdə qalmayacağını çox yaxşı anlayır. Ona görə də müharibənin uzanmasının əsas səbəblərindən biri də daxili siyasi hesablamalardır. Lakin bu hesablamalar Ukrayna üçün daha faciəvi nəticələr yarada bilər. Nəticə etibarilə, Zelenski bu şərtləri qəbul edərək Ukraynanı indiki çıxılmaz vəziyyətdən çıxarmaq imkanından istifadə etməyə məcbur olacaq”.
Ayhan
13:50 15.12.2025
Oxunuş sayı: 1150