300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,27 il lazımdır - Alimdən açıqlama
Günəş sistemimizin kənarından çox-çox uzaqlarda, gözlə belə görə bilmədiyimiz milyardlarla ulduz, toz və qaz buludundan ibarət nəhəng “şəhərlər” var- qalaktikalar. Hər biri öz daxilində milyon illərin sirlərini daşıyan bu kosmik quruluşlar kainatın ən möhtəşəm mənzərələrindən biridir. Bizim yaşadığımız Süd Yolu da həmin yüz milyardlarla qalaktikadan sadəcə biri sayılır. Alimlər deyirlər ki, kainat genişləndikcə qalaktikaların sayı da gözlə görünməyəcək qədər çoxalır. Bəziləri spiral formasındadır, bəziləri isə elə bir duman halını xatırladır ki, sanki heç vaxt tamamlanmayan bir rəsm əsəridir.Qalaktikalar yalnız kosmik obyekt deyil- kainatın yaranışı, təkamülü və gələcəyi barədə ən mühüm sualların cavabını özündə gizlədir.
Bu barədə Crossmedia.az-a danışan Şamaxı Astrofizika Rəsədxanasının, şöbə müdiri, astronomiya üzrə fəlsəfə doktoru, dosent Nazim Qaraməmmədli hesab edir ki, ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfi XX əsrin ən böyük kəşflərindəndir: "Bu kəşf Kainatın quruluşunu və miqyasını başa düşməkdə mühüm rol oynadı. Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yaratdı. İlk öncə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlar dünyasından ibarətdir. Ulduzlar hidrostatik tarazlıq halında olan qaz kürələridir. Bizim tərəfimizdən müşahidə olunan maddənin bütün kütləsi ulduzlarda və ulduzlararası mühitdə cəmlənmişdir. Onların ölçü və kütlələri çox geniş masştabda dəyişir. Ulduzların kütləsi 1032-1035 qram tərtibindədir və kimyəvi tərkibləri müəyyən mənada bir-birinə uyğundur".
N.Qaraməmmədli qeyd edib ki, onların əksəriyyətinin nüvəsində təbii istilik nüvə reaktorları yerləşir: "Ulduzların böyük əksəriyyətində kainatda ən geniş yayılmış kimyəvi element hidrogen heliuma çevrilir və bu zaman ayrılan enerji hesabına şüalanma baş verir. Ulduzlar arası məsafə çox böyükdür. 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,27 il lazımdır".
O, həmçinin bizim hansı məsafədə yerləşən ulduzları görə biləcəyimizdən danışıb: "Ulduz nə qədər güclü işıqlanma mənbəyinə malik olmasından asılı olmayaraq onun görünməsi üçün teleskopun imkanı ilə müəyyən edilən bir hüdud vardır. İnsanlar bəlkə də bu haqda heç nə bilə bilməzdilər, əgər ulduzlar bir kütlə mərkəzi ətrafında konsentrasiya olunub ayrıca ulduz sistemləri olan qalaktikalrı yaratmasaydılar.
Bizim şimal yarımkürəsində adi gözlə görünən qalaktika Andromeda dumanlığıdır. Onu M 31 və ya NGC 224 kimi də kataloqlarda işarə edirlər. Andromeda dumanlığı Kassiopey bürcü yaxınlığında yerləşir. Ona qədər məsafə 2,2 milyon işıq ilidir. İnsanlar qayalarda müxtəlif canlıların şəklini çəkməyi öyənəndə həmin dumanlıqdan gələn işıq öz yolunun 98-99% -ni qət etmişdi. Cənub yarımkürəsində isə iki qalaktikanı adi gözlə görmək mümkündür. Bunlar Böyük və Kiçik Magellan Buludlarıdır. Hər ikisi düzgün olmayan quruluşa malikdir. Onlardan keçmişdə dəniz səyyahları istinad nöqtəsi kimi istifadə etmişlər. Böyük Magellan Buluduna qədər məsafə 160000 işıq ilidir. Kiçik Magellan Buluduna qədər məsafə isə təxminən 210000 işıq ilidir. Hər iki qalaktikanın adı məşhur dəniz səyyahı Magellanın şərəfinə verilmişdir".
Fatimə Məmmədova
19:16 12.12.2025
Oxunuş sayı: 970