UNESCO-nun beynəlxalq jurnalında Bakının memarlıq irsi ilə bağlı məqalə dərc olunub
UNESCO-nun “Memarlıq, abidələr və şəhərsalma” beynəlxalq elmi jurnalında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin tanınmış tədqiqatçı, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi ilə birgə “Bakı divarlı şəhər, Azərbaycan” adlı məqaləsi dərc olunub.
Crossmedia.az xəbər verir ki, AMEA-dan bildirilib ki, məqalə şəhər mühitinin və regionun memarlıq ənənələrinin minilliklər boyu davam edən təkamülünü əks etdirən qədim və orta əsrlər Bakısının tarixinə və memarlıq irsinə həsr olunub. Məqalədə şəhərin tarixi mərkəzi, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin əsasını təşkil edən şəhər quruluşu, hörgü texnikası, planlaşdırma yolları və dekorativ elementlərin ətraflı təhlili verilib. Tədqiqatda, həmçinin Bakı memarlığı Xəzər sahili mühitinin xüsusiyyətləri və əsrlər boyu şəhər quruluşunu formalaşdıran iqtisadi proseslər - ticarət, sənətkarlıq və neft hasilatı ilə müqayisə edilib. Materialda əsas diqqət Qafqaz və Türk dünyası mədəniyyətlərinin qarşılıqlı təsirinə yönəldilib.
Məqalədə qeyd olunub ki, Bakının taleyi Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olub, indi də belədir. Yazılı tarixi mənbələrdə əsrlər boyu təbii qazların yerdən çıxması və yanması Bakının fərqli bir xüsusiyyəti kimi göstərilib, oda sitayiş edən qədim xalqların nəzərində xüsusi bir müqəddəslik daşıdığı bildirilib.
Bakı qədim İpək Yolu üzərində yerləşən bir şəhərdir, şəhərsalmanın təkamülü və şəhərin memarlıq görünüşü Bakının əsrlər boyu keçdiyi inkişaf mərhələlərini əks etdirir. Müəlliflər Bakı qalasının əsrlər boyu davam edən təkamülünü izləyiblər. Onlar yerli ənənələrin, İslam ornamental naxışlarının, kompozisiya texnikalarının, Osmanlı istehkam elementlərinin və Avropa memarlığının şəhərin görünüşündə bir-biri ilə məharətlə uzlaşdığını nümayiş etdiriblər.
11:39 11.12.2025
Oxunuş sayı: 1111