Təklif: Süni intellekt fənni tədris olunsun
Müasir dövrün çağırışları süni intellekt texnologiyalarının cəmiyyətin bütün sahələrinə, xüsusilə də təhsil sisteminə inteqrasiyasını labüd edib. Bu gün artıq süni intellekt yalnız innovativ texnologiya kimi deyil, eyni zamanda tədris mühitinin yenilənməsi, şagirdlərin yaradıcı potensialının üzə çıxarılması və gələcək kadrların hazırlanması üçün mühüm alət qismində çıxış edir. Elm və Təhsil Nazirliyinin təşəbbüsləri sayəsində Azərbaycan məktəblərində rəqəmsal bacarıqların erkən yaşlardan formalaşması istiqamətində davamlı addımlar atılır, minlərlə şagird layihə əsaslı fəaliyyətə cəlb edilir və komanda şəklində çalışaraq yeni ideyalar üzərində işləyir.
Bu yanaşma öz növbəsində düşünmə qabiliyyətinin inkişafına, problem həll etmə bacarıqlarının gücləndirilməsinə və qlobal rəqabətə hazır gənc nəslin yetişdirilməsinə zəmin yaradır. Təhsil prosesinə tətbiq olunan innovativ metodlar, müxtəlif müsabiqə və olimpiadaların təşkili istedadlı gənclərin aşkarlanmasına, onların düzgün istiqamətləndirilməsinə və fundamental biliyə yiyələnmələrinə imkan verir. Nəticə etibarilə, süni intellekt sahəsində əldə edilən inkişaflar yalnız müasir təhsil sisteminin təkmilləşməsinə deyil, həm də ölkənin iqtisadi və sosial gələcəyinə mühüm töhfə verir.

Süni intellektin təhsil sahəsində rolu ilə bağlı ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb :
"Nəzərinizə çatdırmaq istərdim ki, süni intellekt texnologiyalarının geniş tətbiqinə ciddi ehtiyac vardır. Xüsusilə də bu sahə müasir elmin inkişaf istiqamətlərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Hazırda biz informasiya əsrində yaşayırıq və informasiya texnologiyaları hər keçən gün daha da inkişaf edir. Bu amilləri nəzərə alaraq, dünyada baş verən texnoloji proseslərdən geri qalmamaq və həmin proseslərlə ayaqlaşmaq üçün mütləq müvafiq qərarlar qəbul edilməlidir.
Məlum olduğu kimi, ölkəmizdə Süni İntellekt Mərkəzi cənab Prezidentin müvafiq sərəncamı əsasında yaradılmışdır. Eyni zamanda ali təhsil müəssisələrində süni intellektə əsaslanan ixtisaslar da artıq formalaşdırılmışdır. Məqsəd bu sahədə kadr potensialının hazırlanmasıdır.
Kadr hazırlığı məsələsi, xüsusilə pedaqoji kadrların hazırlanması olduqca vacibdir. Bu kontekstdə düşünürəm ki, süni intellekt fənni məktəblərdə informatika müəllimləri tərəfindən tədris oluna bilər. Bunun üçün həmin müəllimlərə iki və ya üç aylıq xüsusi təlimlərin keçirilməsi məqsədəuyğun olardı. Təlimlərdən sonra informatika müəllimləri bu fənnin tədrisini uğurla həyata keçirə bilərlər.
Əks halda, fənnin ixtisası ilə əlaqəsi olmayan kadrlara həvalə olunması tədrisin effektivliyini azaldar. Ona görə də hesab edirəm ki, xüsusi hazırlıqdan sonra məhz informatika müəllimləri bu dərsləri tədris etmək üçün ən uyğun kadrlar olacaqdır.
Həmçinin qeyd edə bilərəm ki, robot müəllimlər hazırlanır ki, bu barədə ölkəmizdə də işlər görülür".
Elmir Heydərli
10:49 11.12.2025
Oxunuş sayı: 1361