Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir: Perspektiv nə vəd edir?
Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Gürcüstana səfəri zamanı açıqlamalar verən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələri arasında birgə tədqiqatlar aparılması, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və gənclər üçün faydalı layihələrin reallaşdırılması iki ölkə arasında tərəfdaşlığın əsas prioritetlərinə çevrilib.
Nazir vurğulayıb ki, səfərin başlıca məqsədi elm və təhsil əməkdaşlığının mövcud çərçivəsini daha da gücləndirməkdir. Bu istiqamətdə Tbilisidə fəaliyyət göstərən məktəblərlə yanaşı, Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti ilə keçiriləcək görüşlər də xüsusi əhəmiyyət daşıyır.
Emin Əmrullayev əlavə edib ki, qarşıdakı mərhələdə həm Azərbaycan, həm də Gürcüstanda fəaliyyət göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması, müəllim hazırlığının gücləndirilməsi, Azərbaycan və gürcü dillərini tədris edən müəllimlər üçün ixtisasartırma proqramlarının təşkil olunması mühüm hədəflərdəndir. Bu addımlar, eyni zamanda, iki ölkənin gəncləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regionda təhsil mühitinin inkişafına xidmət edəcək.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hesab edirəm ki, Gürcüstan və Azərbaycan arasında ikitərəfli təhsil sahəsində əməkdaşlıq gələcək yönümlü qərarlara da müsbət təsir göstərir. Bu qərarlardan biri tələbə mübadiləsi proqramıdır. Proqram çərçivəsində həm gürcü vətəndaşları ölkəmizdə, həm də Azərbaycan vətəndaşları Gürcüstan universitetlərində təhsil ala biləcəklər.
Mübadilə proqramı həm Gürcüstan, həm də Azərbaycanın təhsil sisteminin öyrənilməsinə imkan yaradaraq hər iki tərəfin təhsil sahəsində inkişafına töhfə verəcək. Proqram çərçivəsində elmi etik standartların təşviqi də nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, yaxınlarda Gürcüstan hökuməti bəzi qərarlar qəbul edərək Azərbaycan tələbələrinin Gürcüstan ali təhsil müəssisələrinə qəbulu ilə bağlı məhdudiyyətlər tətbiq etmişdi. Lakin bu mübadilə proqramı imkan yaradır ki, birinci və ya ikinci kurs tələbələri Gürcüstan ali təhsil müəssisələrinə yönələ bilsinlər".
Ekspert, həmçinin belə bir proqramın həm də hər iki qonşu ölkənin ümumi əlaqələrinin inkişafına müsbət təsir göstərdiyini qeyd edib:
"Bu, yalnız təhsil sahəsində deyil, iqtisadi, sosial, humanitar və digər sahələrdə də öz təsirini göstərə bilər. Ona görə də belə qərarların qəbul olunması və ümumi razılığın əldə edilməsi hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir".
Elmir Heydərli
09:19 08.12.2025
Oxunuş sayı: 961