Mayami Universitetində təhsil alan azərbaycanlı gənclərlə görüş
ABŞ-nin Mayami Universitetinin azərbaycanlı tələbələri ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşdə turizm, rəqəmsal texnologiyalar, beynəlxalq əlaqələr və dövlət idarəetməsi üzrə təhsil alan gənclərlə yanaşı, Azərbaycan–Amerika Gənclər Təşkilatının rəhbəri Nabat Eminova da iştirak edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova gənclərin təhsili, fəaliyyəti və xaricdə yaşama şəraiti ilə maraqlanıb, Azərbaycan dövlətinin müxtəlif ölkələrdə yaşayan gənc soydaşlarımızın inkişafına yönələn sistemli və çoxşaxəli diaspor siyasətinin uğurlu nəticələri barədə məlumat verib. Diaspor gənclərinin şəbəkələşməsi, özünüinkişafı, milli kimliyinin qorunması və xarici ölkələrə daha səmərəli inteqrasiyası üçün həyata keçirilən layihələrdən danışıb. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı tələbələrin mədəniyyətimizin və tarixi həqiqətlərimizin tanıdılmasında oynadıqları mühüm rola diqqət çəkib, bu sahədə əldə olunan müsbət təcrübələri bölüşüb.
Tələbələr çıxışlarında yaşadıqları ölkədə güclü və fəal gənclər şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıblar. Onlar Azərbaycanla bağlı tarixi həqiqətlərin və zəngin mədəni irsimizin ABŞ ictimaiyyətinə tanıdılmasının əhəmiyyətinə toxunaraq, Floridada fəaliyyət göstərən Azərbaycan–Amerika Gənclər Təşkilatı ətrafında daha sıx birləşməyin önəmini dilə gətiriblər.
Adı çəkilən təşkilatın rəhbəri Nabat Eminova gənclərimizi ölkəmizlə bağlı tədbirlərdə fəal iştirak etməyə, bir-biri ilə sıx əlaqədə olmağa çağırıb. O, Komitənin dəstəyi ilə keçirilən Amerika–Azərbaycan Gənclərinin Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.
Gənclərlə görüş zamanı ölkəmizin təbliği məqsədilə Mayami Universitetində görə biləcəkləri işlər müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
15:08 05.12.2025
Oxunuş sayı: 1450