Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsi təqdim olunub
Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsinin təqdimatı keçirilib. Tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunub.
Crossmedia.az xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova kəlağayını yalnız xanımlara aid gözəl əşya kimi deyil, həm də xalqımıza məxsus dərin fəlsəfi irs və nəsildən-nəslə ötürülən yaddaş qoruyucusu kimi təqdim edib. Professor Kübra Əliyeva kəlağayının mədəni və estetik dəyərindən, onun müxtəlif növlərindən və bədii üslubundan danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə kəlağayının Azərbaycan qadınının xarakterini və zərifliyini vurğulayan dəyərli aksesuar olduğunu bildirib.
Təqdimatda dizayner Gülnarə Xəlilovanın “İpəyin sehrı” geyim kolleksiyası nümayiş olunub. Kolleksiya kəlağayının mənəvi gücünü müasir moda dili ilə birləşdirir, qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını əks etdirir. Muzeyin kolleksiyasından tarixi və müasir kəlağayı nümunələri sərgilənib, ustad dərs vasitəsilə ziyarətçilərə kəlağayının hazırlanması göstərilib.
Tədbirin bədii hissəsində isə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi “Kəlağayı” rəqsini təqdim edib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evinin əməkdaşlığı ilə həyata keçirilib.
03:36 26.11.2025
Oxunuş sayı: 3688